27 may

Bakıdan dünyaya mesaj: islamofobiyaya qarşı həmrəylik - MƏQALƏ

Dünyada geosiyasi ziddiyyətlər, güc savaşları və informasiya manipulyasiyası fonunda unudulmamalı bir həqiqət var: İslamofobiya artıq fərdi radikalizmin yox, qlobal təhlükəsizliyə yönəlmiş sistemli təhdidin adıdır. Bu tendensiya sadəcə müsəlman cəmiyyətlərinin hüquqlarına qarşı dözümsüzlük deyil, eyni zamanda sivilizasiyalararası münasibətləri baltalayan və dünyanın diplomatik nizamını təhdid edən dərin sosial-siyasi problemdir.

Azərbaycan bu təhdidin miqyasını çoxdan dərk edən və bu istiqamətdə həm prinsipial, həm də fəal mövqe nümayiş etdirən nadir ölkələrdəndir. Bakının təşəbbüsü ilə mayın 26-da keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans təkcə elmi müzakirə deyil, həm də dünyaya ünvanlanmış siyasi və mənəvi mesaj platforması idi. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə verilən siqnal aydındır: islamofobiya bəzi Qərb dövlətlərində artıq dövlət siyasəti səviyyəsinə yüksəlib və bu, həm insan hüquqları, həm də beynəlxalq etika baxımından qəbuledilməzdir.

Avropa ölkələrində hicab qadağaları, məscidlərə edilən hücumlar, Məhəmməd Peyğəmbərə (s.ə.s) qarşı təhqiramiz aktlar və Qurani-Kərimin yandırılması təkcə fərdi nifrətin deyil, idarə olunan ictimai yönləndirmələrin nəticəsidir. Belə bir fonda islamofobiya ilə mübarizə yalnız dini və ya etnik hüquqlar məsələsi deyil, bu, beynəlxalq münasibətlərdə balansı və qarşılıqlı hörməti qorumaq üçün geosiyasi zərurətə çevrilib.

Azərbaycanın bu sahədəki fəaliyyəti isə simvolik jestlərlə məhdudlaşmır. “Bakı Prosesi”, İslam həmrəyliyi ili, dünya dini liderlərinin sammitləri, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində platformaların təşkili ölkəmizin sivilizasiyalararası dialoqda mərkəzi oyunçulardan biri kimi qəbul olunmasına səbəb olub.

Eyni zamanda rəsmi Bakı yalnız beynəlxalq tribunadan danışmaqla kifayətlənmir. İşğal dövründə Azərbaycanın mədəni və dini irsinə qarşı törədilən vandalizm aktları- məscidlərin dağıdılması, məzarların təhqir olunması, İslam abidələrinin saxtalaşdırılması islamofobiyanın təkcə Qərbdə deyil, regionda da nə dərəcədə köklü bir problem olduğunu göstərir. Ermənistandakı bu proseslərə beynəlxalq qurumların susqunluğu isə islamofobiyanın bəzən beynəlxalq ikili standartların pərdəarxası motivi olduğunu göstərir.

Konfransda qəbul olunan sənəddə bu ikili standartlar açıq şəkildə hədəfə alınıb. Fransa və bir sıra digər ölkələrin İslam mədəniyyətinə qarşı sərgilədiyi açıq ayrı-seçkilik halları konkret faktlarla qeyd olunub. Bu, ilk növbədə islamofobiyanın “Qərbin daxili problemi” olmadığını, əksinə bütün dünya üçün təhlükəli tendensiyaya çevrildiyini göstərən hüquqi-siyasi sənəddir.

Nəticə etibarilə, islamofobiya ilə mübarizə artıq mənəvi məsələ deyil, təhlükəsizlik və diplomatik məsuliyyət məsələsidir. Azərbaycan bu reallığı vaxtında anlayan, bu istiqamətdə ardıcıl siyasi mövqe sərgiləyən və bu problemi beynəlxalq səviyyədə gündəmə daşıyan ölkə kimi çıxış edir. Gələcək isə göstərir ki, bu cür təşəbbüslər yalnız İslam dünyasının deyil, bütövlükdə dünyanın sabitliyi üçün həlledici olacaq.

MTM Analitik Qrupu