27 may

Yer üzündə aclıq artır, Azərbaycan isə sabitlik adasıdır - TƏHLİL

Son illərdə qlobal iqtisadi sistemin təlatümlü fonunda ərzaq təminatı məsələsi təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, artıq inkişaf etmiş dövlətlər üçün də ciddi narahatlıq mənbəyinə çevrilib. Yüksək inflyasiya, valyuta devalvasiyaları, qlobal logistika pozuntuları və ekstremal hava hadisələri fonunda ərzaq böhranı artıq texniki termin deyil, birbaşa sosial təhlükədir. BMT-nin bu yaxınlarda təqdim etdiyi Qida Böhranları üzrə Qlobal Hesabat da bunun bariz sübutudur.

Sənəddə vurğulanır ki, 2024-cü ilin göstəricilərinə əsasən, hazırda 53 ölkədə 295 milyondan çox insan kəskin aclıqla üzləşib. Bu, ötən illə müqayisədə 13,7 milyon nəfər daha çoxdur. Eyni zamanda, “fəlakətli aclıq” astanasında olan insanların sayı 1,9 milyona çatıb və bu, 2016-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir. Uşaqların kritik qida çatışmazlığından əziyyət çəkdiyi Yəmən, Mali, Qəzza və Sudan kimi ölkələrdə vəziyyət xüsusilə dəhşətlidir.

BMT-nin təhlilinə görə, bu vəziyyətin arxasında üç əsas amil dayanır: münaqişələr, iqlim ekstremalları və iqtisadi şoklar. Məsələn, müharibə və silahlı toqquşmalar hazırda 140 milyona yaxın insanın yaşadığı 20-dən çox ölkədə ərzaq təhlükəsizliyini iflic edib. İqlim faktorları, xüsusilə “El Nino” fenomeni 96 milyondan artıq insana təsir göstərib. İqtisadi baxımdan isə inflyasiya və devalvasiya ərzaq qiymətlərini süni şəkildə şişirdərək milyonlarla insan üçün ərzağı əlçatmaz edib. Məsələn, Qəzza zolağında ərzaq inflyasiyası ötən il 450 faiz, Cənubi Sudanda 390 faiz, Livanda isə 180 faizdən çox təşkil edib.

Bu fon qarşısında Azərbaycanın mövqeyi olduqca fərqlidir. Ölkəmiz ərzaq təhlükəsizliyi sahəsində həm regional, həm də qlobal miqyasda müsbət istisna kimi önə çıxır. Dövlətin strateji yanaşması və dayanıqlı ərzaq siyasəti nəticəsində Azərbaycan bir çox əsas qida məhsulları üzrə yerli istehsal imkanları hesabına öz daxili tələbatını ödəyə bilir. Bundan başqa, ölkədə ərzaq məhsullarının fiziki mövcudluğu ilə yanaşı, əhalinin bu məhsulları əldə etmək üçün maliyyə imkanı da mövcuddur. Bu, hal-hazırda dünyanın əksər ölkələrində ciddi sosial təbəqələşməyə səbəb olan problemlə ziddiyyət təşkil edir.

2024-cü ilin rəsmi məlumatları da bu sabitliyin arxasındakı iqtisadi əsasları aydın şəkildə göstərir. Ölkədə orta illik inflyasiya 2,2 faiz, o cümlədən qida məhsulları üzrə isə cəmi 1,3 faiz təşkil edib. Bu, qlobal miqyasda ən aşağı göstəricilərdən biridir. Paralel olaraq, əhalinin nominal gəlirləri artmaqda davam edir. 2023-cü ildə əhalinin ümumi nominal gəlirləri 83 milyard manat, 2024-cü ilin yanvar-aprel aylarında isə 26,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,9 faiz artım deməkdir.

Əhalinin rifahına yönəlmiş sosial siyasət də ərzaq təminatında sabitliyi gücləndirən əsas sütunlardan biridir. 2024-cü ildə dövlət büdcəsinin 39 faizi, yəni 14,6 milyard manatı, birbaşa sosial xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu rəqəmlər təkcə statistika deyil, həm də ölkədə əhalinin alış gücünün və həyat keyfiyyətinin qorunmasının göstəricisidir.

BMT-nin hesabatında 2025-ci ilə dair proqnozlar isə nikbin deyil. Qlobal ərzaq böhranının dərinləşəcəyi, humanitar yardımların azalacağı, tədarük zəncirlərindəki problemlərin daha da artacağı gözlənilir. Amma Azərbaycan bu çətin beynəlxalq mənzərənin içində sabitlik adası kimi qalmağa davam edir. İstehlak qiymətlərindəki nəzarət, ərzaq idxalının şaxələndirilməsi, kənd təsərrüfatının inkişafına ayrılan subsidiyalar və sosial müdafiə tədbirləri ölkədə ərzaq təhlükəsizliyinin qorunmasında sistemli yanaşmanın olduğunu göstərir.

Beləliklə, qlobal ərzaq müharibəsində Azərbaycan təhlükəsizlik qalasını vaxtında möhkəmləndirmiş ölkələrdən biridir. Dünya kəskin aclıq rəqəmləri ilə silkələnərkən, ölkəmizdə həm fiziki ərzaq təminatı, həm də vətəndaşın onu almaq imkanı hələlik davamlı şəkildə qorunur. Bu isə planlı və çevik iqtisadi siyasətin, sosial məsuliyyətin və milli maraqlara söykənən qərarların birgə uğurudur.

MTM Analitik Qrupu