Gələn il Aİ-95 benzinin istehsalı dayandırılacaq

2026-cı il dövlət büdcəsində aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat həcmində proqnozlaşdırılır.
Təhlil.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, gələn ilin proqnozu cari illə müqayisədə 71,7 milyon manat (4,3%) az, 2024-cü ilin icrası ilə müqayisədə isə 232,7 milyon manat (17,2%) çoxdur.
Aksiz gəlirlərinin 49,2%-i (779 milyon manat) neft-qaz, 50,8%-i (805 milyon manat) isə qeyri-neft sektorunun payına düşür.
Əsas azalma neft sektorunda müşahidə olunur. Səbəb kimi Aİ-95 markalı avtomobil benzininin istehsalının 2026-cı ildə nəzərdə tutulmaması göstərilib.
Bundan əlavə, ölkədə Aİ-92 markalı benzinin istehlakı 239,9 min ton (14,7%), dizel yanacağının isə 298,5 min ton (13,7%) azalacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunda artım isə növbəti ildən aksizli mallara tətbiq edilən dərəcələrin artırılması ilə izah olunur.