Robot həkim dünyada ilk dəfə uzaqdan göz əməliyyatı etdi

Texnologiya tibbdə daha bir möcüzə yaratdı. Çinli oftalmoloqlar cərrahi robotdan istifadə edərək, 4200 kilometr uzaqlıqda yerləşən xəstəyə dünyada ilk dəfə subretinal inyeksiya əməliyyatı həyata keçiriblər.
Təhlil.az xəbər verir ki, bu barədə Sun Yatsen Universiteti məlumat yayıb.
Məlumata görə, Quançjoudakı həkimlər 5G rabitə texnologiyasından istifadə edərək Urumçidəki xəstəyə uzaqdan kömək ediblər. Universitetin Çjunşan Oftalmologiya Mərkəzinin nümayəndəsi Lin Haotyan bildirib ki, bu əməliyyat Çində uzaq məsafədən yüksək dəqiqlikli göz cərrahiyyəsinin praktiki tətbiqi baxımından tarixi addımdır.
Əməliyyat zamanı Urumçidə yerləşən robot xəstənin gözünə mikro iynə yerləşdirib, Quançjoudakı mütəxəssislər isə onu uzaqdan idarə edərək iynəni istənilən dərinliyə aparıb və dərman inyeksiyasını həyata keçiriblər.
Bütün prosedur yeddi dəqiqədən az davam edib.
Mütəxəssislər hesab edirlər ki, bu yenilik gələcəkdə uzaq məsafələrdən aparılan cərrahi əməliyyatların inkişafına geniş yol açacaq və telemedisin sahəsində yeni dövrün başlanğıcı olacaq.