Ədalətə aparan yol: Qərbi Azərbaycana dönüş - ŞƏRH

Regionda barış atmosferi yaratmaqdan çox danışılır, amma barış üçün ilk şərt ədalətin bərpası çox zaman ya unudulur, ya da qəsdən görməzdən gəlinir. Azərbaycanın Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququnu gündəmdə saxlaması da məhz bu baxımdan fundamental məsələdir.
İkinci Qarabağ müharibəsindən sonra Bakı yalnız öz sərhədlərini yox, haqqı da bərpa etmək niyyətini ortaya qoydu. Bu gün Ermənistanla sülhə doğru gedən yolda Azərbaycan açıq şəkildə bildirir ki, sülh yalnız sənədlə yox, insanlarla mümkündür. İnsanlar isə yurduna qayıtmayınca sülh də kağız üzərində qalacaq.
Son olaraq Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfrans bu məqsədin humanitar yox, həm də hüquqi-siyasi bir tələb olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdəki fikirləri açıq və konkret idi. Qayıdış sadəcə arzu deyil, beynəlxalq hüquqla təsbit olunmuş haqqdır.
Ən maraqlısı isə odur ki, Azərbaycan tərəfi konkret proqramla çıxış edir. Qayıdış mərhələli və dinc formada, hüquqi əsaslarla həyata keçirilməlidir. Amma Ermənistan tərəfi bu təşəbbüsləri ərazi iddiası kimi təqdim etməyə çalışır, öz növbəsində isə əsassız təbliğat və manipulyasiyalarla məsələni kölgədə saxlamağa can atır. Halbuki, bu gün söhbət 300 minə yaxın deportasiya edilmiş azərbaycanlının mənəvi və tarixi haqqından gedir.
Azərbaycan öz arqumentlərini sadəcə emosional yox, sənədli və hüquqi əsaslar, yəni arxivlər, şahidlər, videolar, foto-faktlarla təqdim edir. Ən önəmlisi, bu məsələnin dövlət səviyyəsində milli ideya halına gəlməsi artıq ciddi siyasi iradədən xəbər verir.
Ən mühüm məqam isə odur ki, rəsmi Bakı məsələyə təkbaşına baxmır, beynəlxalq tərəfdaşları da bu işə cəlb etməyə çalışır. UNESCO və ISESCO kimi təşkilatların bu prosesə nəzarəti, Ermənistan ərazisində dağıdılmış mədəni abidələrin bərpası, soydaşlarımızın mülkiyyət hüquqlarının tanınması həm sülhə xidmət edər, həm də regionda etimad mühitini formalaşdırar.
Türkiyənin bu məsələdə göstərdiyi açıq siyasi dəstək isə təkcə diplomatik jest deyil. Bu, qardaşlıq münasibətinin real təzahürüdür. Ankarada keçirilən tədbir onu da göstərdi ki, Qərbi Azərbaycan problemi artıq yalnız Azərbaycanın yox, türk və İslam dünyasının da diqqət mərkəzindədir.
Sülhə gedən yol öz torpaqlarından qoparılmış insanların qayıdış hüququndan keçir. Əks halda, bu regionda sülhdən yox, sadəcə atəşkəsdən danışmaq olar. Rəsmi Bakı isə artıq bu mərhələni keçib, qayıdışdan danışır və onu planlaşdırır. Məsələ sadəcə bir hüquq məsələsi deyil, həm də mənəviyyat, yaddaş və gələcək məsələsidir.
MTM Analitik Qrupu