Almaniyanın sükanı Mertzin əlində: Nizam, sərtlik, liderlik - ŞƏRH

Xristian-Demokratların başçısı Mertz illərdir səbirli şəkildə bu məqama doğru addımlayırdı. İndi isə sükan onun əlindədir. Onun hakimiyyətə gəlişi sadəcə Almaniyanın daxilində deyil, bütün Avropa İttifaqında hava axınını dəyişə bilər. Çünki Mertz klassik sağ-mərkəzçi kursun, sərt büdcə siyasətinin və “dövlət çəkinməlidir” fəlsəfəsinin tərəfdarıdır.
Yəni sosial xərclər azala, bazar sərbəstləşə, sahibkarlığa daha çox meydan açıla bilər. Mertz iqtisadi sahədə həm texnokrat, həm də bankir refleksi ilə düşünür. Nömrələr və nizam ön plandadır.
Vergilərin azaldılması, kiçik və orta biznesə “yaşıl işıq”, dövlət müdaxiləsinin isə minimuma endirilməsi onun iqtisadi planının başlıca konturlarını təşkil edir. Eləcə də nüvə enerjisinə qismən dönüş, Rusiyadan enerji asılılığından birdəfəlik çıxmaq planı və yaşıl texnologiyalara keçid... Bütün bunlar Almaniyanı həm enerjidə, həm iqtisadiyyatda daha çevik və müstəqil edə bilər. Ya da ən azı Mertzin arzusu budur.
Ən çox müzakirə edilən məsələlərdən biri isə miqrasiya siyasətidir. Merkelin açıq qapılar dövrü artıq tarixdir. Mertz bu məsələni “təbii sərhəd” deyil, konkret “divar” kimi görür. Sığınacaq qanunlarının sərtləşdirilməsi, təhlükəsizlik qurumlarının gücləndirilməsi, qeyri-qanuni miqrantların qarşısının daha qətiyyətlə alınması Mertzin daxili siyasətində sərt xətlərdən biridir.
Merkel dövründə Berlin sakit, amma çəkisi olan bir oyunçu idi, kompromislərlə irəliləyirdi. Mertz isə daha açıq danışan, aydın strategiyası olan və “liderlik” iddiasını gizlətməyən bir sima ilə gəlir. O, Avropa İttifaqında "funksional Avropa" ideyasına inanır. Yəni qərarların sürətli verildiyi, uzun-uzadı bürokratik labirintlərin azaldığı bir Avropa. Fransa ilə daha yaxın əməkdaşlıq, Brüsseldə çevik idarəetmənin təşviqi də bu kursun tərkib hissəsidir.
Geosiyasətdə isə Mertz daha realist görünür. Trampın ABŞ-yə qayıtmaq ehtimalı, Ukrayna müharibəsinin uzanan kölgəsi və Çinin artan gücü qarşısında o, Avropanın öz təhlükəsizlik arxitekturasını yenidən qurmasını vacib sayır. Yəni ortaq Avropa ordusu, hərbi sənaye inteqrasiyası və qitə daxilində daha güclü müdafiə mexanizmləri. Bəli, bu iddialı səslənir. Amma Mertz iddiaları sevir.
Əlbəttə, bu planların hamısı gerçəyə çevriləcəkmi, bu artıq başqa məsələdir. Çünki daxildə koalisiyada konsensus tapmaq, ictimai rəyin dəstəyini qazanmaq və Avropanın fərqli tonlarda danışan üzvlərini bir notda birləşdirmək asan deyil.
Fridrix Mertzin kanslerliyi ilə Almaniyada yeni bir səhifə açılıb. Bu səhifədə daha az romantizm, daha çox riyaziyyat və strateji hesablar olacaq. Sabitlik və sakitlik dövrünün yerini indi daha sərt ritorika və tərpənməyə çalışan Avropa vizyonu alır.
TƏHLİL ANALİTİK QRUP