Bu gün

Moskvanın “konstruktiv dialoq” çağırışları imitasiyadır - ŞƏRH

Son günlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuması və xüsusilə də Azərbaycanda saxlanılan bəzi rusiyalı şəxslərlə bağlı Moskvanın sərt ritorikası fonunda Kremlin sözçüsü Dmitri Peskovun “Moskva əmindir ki, Rusiya ilə Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır” bəyanatı diqqət çəkir. Bu açıqlama ilk baxışdan konstruktiv və barışıq yönümlü səslənsə də, əslində Moskvanın yaratdığı gərginliyi pərdələmək cəhdidir. Çünki Rusiyanın hazırkı ritorikasını anlamaq üçün son aylarda baş verən hadisələrə nəzər salmaq lazımdır. Rusiyadakı bəzi siyasi və iqtisadi dairələr, xüsusilə də imperiya ambisiyalarını hələ də yaşadan qüvvələr Azərbaycanın artan müstəqilliyindən və Qərblə, eləcə də Türkiyə ilə dərinləşən münasibətlərindən narahatdırlar. Bu narahatlıq artıq açıq təzyiq formalarına keçib. Belə ki, azərbaycanlı iş adamlarına və diaspor nümayəndələrinə qarşı təqiblər başlayıb, Cənubi Qafqazda balansı itirməkdən doğan təhdid siyasəti özünün ən yüksək həddinə çatıb. Bütün bunlar da onu göstərir ki, Moskva gərginliyin əsas istehsalçısıdır və “konstruktiv dialoq” çağırışları yalnız görüntü yaratmaq məqsədi daşıyır. Rusiya Azərbaycanla ittifaq münasibətindən çox, vasallıq münasibəti gözləyir. Bu isə Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edir.

Azərbaycan bu günə qədər beynəlxalq münasibətlərində və xüsusilə də regional güclərlə olan əlaqələrində balanslı, məsuliyyətli və hörmətə əsaslanan xətt yürüdüb. Bakı heç vaxt öz müttəfiqlərinə qarşı təzyiq, şantaj, yaxud informasiya müharibəsi aparmayıb. Əksinə, Azərbaycan həmişə Rusiya ilə münasibətlərində qarşılıqlı suverenliyə hörmət prinsipini rəhbər tutub və Moskva ilə əməkdaşlığı regionda sabitliyin qorunması üçün vacib sayıb. Bu baxımdan, Azərbaycanda saxlanılan bəzi rusiyalıların məsələsinin Kremlin mövcud böhrandan çıxmaq üçün manipulyasiya predmetinə çevrilməsi yolverilməzdir. Azərbaycan hüquq-mühafizə orqanları öz qanunvericiliyinə və suveren hüquqlarına əsaslanaraq bu və ya digər şəxslərlə bağlı tədbir görür. Heç bir ölkənin, istər Rusiya, istərsə də başqa dövlətin Azərbaycan dövlətinə daxili hüquqi proseslərə müdaxilə etməyə haqqı yoxdur. Ona görə də Peskovun da qeyd etdiyi kimi, Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinin və baş prokuror Krasnovun Azərbaycanın hüquq-mühafizə orqanları ilə daimi əlaqədə olması da başadüşülən deyil. Bu, əslində Moskvanın Bakıya qarşı sistematik təzyiqinin institusional xarakter aldığını göstərir. Belə diplomatik aktivlik adətən iki ölkə arasında yüksək gərginlik vəziyyətlərində müşahidə olunur. Lakin bu səviyyəli müdaxilənin arxasında hüquqi maraqdan çox, siyasi təzyiq və nüfuz oyunu dayanır. Azərbaycan isə öz növbəsində nə qədər təzyiq olsa da, bu məsələlərə emosional deyil, hüquqi və dövlətçilik prizmasından yanaşır. Qanunun aliliyi prinsipindən çıxış edən Azərbaycan göstərmək istəyir ki, milliyyətindən asılı olmayaraq ölkədə heç kim toxunulmaz deyil. Bu da hüquqi dövlətin əsas şərtidir.

Moskvanın bu məsələyə bu qədər reaksiya verməsi onu göstərir ki, Kreml Bakıya mesaj göndərmək istəyir ki, Bakı mütləq Moskva ilə əməkdaşlıq etməlidir. Əks halda Kreml Azərbaycanla bağlı daxili məsələləri beynəlxalq məsələ kimi gündəmə gətirə bilər. Lakin bu mesajın özü regionda Rusiyanın zəifləyən nüfuzunun göstəricisidir. Əgər bir ölkə real təsir gücünü itirirsə, bu zaman ritorikaya və simvolik təzyiqlərə keçid edir. Peskovun açıqlaması da bu kontekstdə qəbul olunmalıdır. Çünki zahirdə sülh mesajı kimi təqdim olunan bəyanat əslində Bakı üzərindəki təzyiqlərin davamını pərdələmək məqsədi daşıyır.

Azərbaycan heç vaxt öz suverenliyini güzəştə getmək niyyətində olmayıb və indi də Moskvanın təzyiq ritorikasına qarşı sakit, lakin prinsipial mövqe tutur. Bu gün baş verənlər əslində Azərbaycanın müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasətinin Rusiyada bəzi dairələrdə doğurduğu qıcıqdan başqa bir şey deyil. Əgər Moskva həqiqətən də Azərbaycanla “müttəfiq” olmaq istəyirsə, ilk növbədə tərəfdaşlıq mədəniyyətinə hörmət etməli, daxili proseslərə müdaxilə etmək əvəzinə, bərabərhüquqlu dialoqa üstünlük verməlidir. Əks halda, bu cür təzyiq siyasəti Ermənistanla olduğu kimi, Azərbaycanda da Moskvanın mövqelərinin zəifləməsinə gətirib çıxaracaq.

MTM Analitik Qrupu