Bu gün

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün – 22 iyulda Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunur.

Təhlil.az xəbər verir ki, Milli mətbuatın əsası 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi ilk azərbaycandilli qəzet “Əkinçi” ilə qoyulub. Maarifçilik ideyalarını yaymaq məqsədi daşıyan bu nəşr qısa ömrünə baxmayaraq, ictimai düşüncənin formalaşmasında və mətbuat ənənələrinin yaranmasında mühüm rol oynayıb.

Müstəqil Azərbaycanın mətbuat tarixində əsas dönüş nöqtəsi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. 1998-ci ildə senzuranın ləğvi ilə ölkədə söz və mətbuat azadlığının təməli qoyuldu. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da inkişaf etdirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində geniş islahatlar həyata keçirilib. Qəzetlərə və jurnalistlərə dövlət yardımı, qanunvericilik bazasının yenilənməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi Prezidentin medianın gücünə verdiyi dəyərin göstəricisidir. Dövlət başçısının təşəbbüsü ilə media sahəsində şəffaflıq, peşəkarlıq və ictimai maraqların qorunması əsas prinsip kimi qəbul edilib.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində fəal iştirak edib, düşmən təbliğatına qarşı uğurla mübarizə aparıb. Jurnalistlər cəbhədə fədakarlıqla çalışıb, bəziləri döyüşlərdə iştirak edib və orden-medallarla təltif olunub.

150 illik yubiley, təkcə tarixi yaddaş deyil, həm də çağdaş media modelinin inkişaf yoludur. Bu yol dövlət dəstəyi, jurnalist peşəkarlığı və ictimai etimadla möhkəmlənməyə davam edir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?