İranı yeni sanksiyalar gözləyir - ŞƏRH

Bir müddətdir İranın nüvə proqramı ətrafında yaranan gərginlik yenidən alovlanmağa doğru gedir. Xarici medianın məlumatına görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər. Əks halda, “Avropa üçlüyü” BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırdığı sanksiyaları yeniləyəcək snapback mexanizmini işə salmağı planlaşdırır. Bəs bu 2015-ci ildə imzalanan müqavilə nədir? Sözügedən tarixdə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa 2002-ci ildən başlayan böhrana son qoymaq üçün Birgə Kompleks Fəaliyyət Planı imzalayıblar. 2002-ci ildə isə Qərb Tehranı nüvə silahı yaratmaqda ittiham edib və böhran başlayıb. 2015-ci ildə isə bu böhrana son qoyulub. Amma 2018-ci ildə Donald Tramp ilk prezidentliyi dövründə sazişdən çıxdığını elan etdi və ABŞ-nin İrana qarşı bütün sanksiyalarını bərpa etdi.
Avropa üçlüyü isə İranın atom enerjisi ilə bağlı danışıqlar apararaq, nəticə əldə etməyə çalışır. Amma bir neçə gündür İran rəsmilərinin bəyanatları oxuyanda məlum olur ki, rəsmi Tehran heç də nüvə siyasətindən geri çəkilməyi düşünmür. Eyni zamanda ABŞ-nin zərbə endirdiyi nüvə obyektlərindən müəyyən materialların əvvəlcədən başqa yerə daşınması barədə sızan xəbərlər də vəziyyəti qəlizləşdirir. ABŞ prezidenti Donald Trampın sərt siyasətini nəzərə alsaq, söyləmək olar ki, avqust ayında İslam Respublikası növbəti sanksiyalarla üzləşə bilər. Eyni zamanda nüvə proqramına davam etmək barədə qərar hərbi əməliyyatları yenidən bərpa edə bilər. Belə bir mənzərənin yaranması isə region üçün heç də xoş sayılmaz. Bu səbəbdən bütün diqqətlər Ağ Evin İranla danışıqları bərpa edib-etməyəcəyi barədə qərara yönəlib. Paralel olaraq isə, Avropa Üçlüyünün rəsmi Tehranla danışıqlarda nəticə əldə edəcəyinə ümid edilir.
Hikmət Həsənov