Gürcüstan Prezidenti ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq modeli qarşılıqlı etimad, hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.
Təhlil.az xəbər verir ki, bunu ölkə Prezidenti Mixeil Kavelaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkürünü ifadə edib.
“Azərbaycanın xarici işlər naziri ilə kifayət qədər məhsuldar görüş keçirdik. Azərbaycanla biz strateji tərəfdaşıq, birgə vacib layihələrdə iştirak edirik. Eyni zamanda bir çox məsələlər üzrə ortaq mövqeyimiz var. İqtisadi sahədə bir sıra maraqlı layihələrin reallaşdırılması nəzərdə tutulur. Hər zaman vurğulayıram ki, Azərbaycanla münasibətlərimiz nümunəvidir və əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək”, – deyə Gürcüstan Prezidenti qeyd edib.