Dünən

Zərdabidən bu günə: Milli mətbuatın keşməkeşli və şərəfli yolu - ŞƏRH

150 il əvvəl bu gün Həsən bəy Zərdabi Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzetinin təməlini qoydu. Bu, Azərbaycan milli mətbuatının doğum günü idi. Zərdabi bu addımı ilə ilk jurnalist nəslini formalaşdırdı, Azərbaycanı dünyəvi proseslərə qoşdu. Qəzet 25 ay ömür sürsə də, onun ənənələrini davam etdirən bir sıra mətbu orqan fəaliyyətə başladı, açılan cığır genişləndirildi, maarifçilər, ziyalılar yetişdirildi. Sonradan nəşr edilən “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Həyat”, “Kəşkül” kimi qəzet və jurnallar cəmiyyətin və mətbuatın inkişafında böyük rol oynadı. Təməli Zərdabi tərəfindən qoyulan ənənə bu gün də davam etdirilir, cəmiyyətin quruculuğu prosesində, dəqiq və qərəzsiz məlumatların çatdırılmasında böyük xidmətlər göstərilir.

Mətbuat sahəsi hər zaman dövlətin xüsusi qayğısı və diqqəti altında olub.Təsadüfi deyil ki, uzun illər 22 iyul ölkədə Milli Mətbuat Günü kimi qeyd edilir. Hər zaman qələm sahiblərinə diqqət yetirən dövlət başçısı bayram günündə öz sahəsində müəyyən uğurlara imza atmış jurnalistləri mükafatlandırır, fəxri fərman, orden və fəxri adla təltif edir.

Bu gün dünyada öz dəst-xətti və imzası ilə seçilən Azərbaycan mediasının inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz və danılmaz rolu var. O, müstəqil Azərbaycanın quruculuğunda məhz bu sahəyə xüsusi diqqət ayırıb, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, senzuranı ləğv edib, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Eyni zamanda sovetdən qalma maddi-texniki baza ilə çalışan mətbuat orqanlarının müasir standartlara keçirilməsi, maddi-texniki bazasının gücləndirilməsi də məhz Heydər Əliyev sayəsində mümkün olub. Bu,Azərbaycan jurnalistikasının yeni inkişaf mərhələsinə keçidi demək idi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də bu siyasi davam etdirib, mediaya xüsusi diqqət və qayğı göstərib. Prezident İlham Əliyev, ümumiyyətlə, media azadlığının təmin olunması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü siyasət yürüdüb.

Azərbaycan mediası 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dövründə xalqın operativ və dəqiq məlumatla təmin edilməsi üçün gecə-gündüz yorulmadan çalışıb. Müharibə təkcə səngərdə aparılmırdı, informasiya məkanında da ciddi savaş gedirdi. Azərbaycan həqiqətlərinin, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mediamızın xüsusi rolu olub. Eyni zamanda Ermənistan və onun havadarlarının saxta məlumatları ifşa edilib, bir çox dünya KİV-inə dolğun məlumatlar və video materiallar ötürülüb. Bu işdə isə Azərbaycan ən çox qardaş Türkiyə mediası ilə çiyin-çiyinə döyüşüb.

Növbəti illərdə Azərbaycan mediasının daha da inkişaf edəcəyini, dünyanın aparıcı KİV-ləri arasında özünəməxsus yer tutacağına əminik. Çünki dövlətin və cənab prezidentin qayğısı, xüsusi diqqəti hər zaman hiss edilir. Bu da inkişafa ən böyük dəstək sayılır.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?