Rusiya miqrantlar üçün dövlət rüsumlarını artırmağa hazırlaşır

Rusiya Dövlət Dumasının deputatları bu həftə miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan bir sıra qanun layihələrini müzakirə edəcəklər.
Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında məlumat verib.
“Bu həftə miqrantlara əlavə dövlət rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihələrinin müzakirəsinə başlayacağıq”, – deyə Volodin bildirib.
Qanun layihələrində əmək patentinin verilməsi, yenidən rəsmiləşdirilməsi və ya müddətinin uzadılması üçün dövlət rüsumunun 4200 rubladək artırılması, patent və ya əmək icazəsinin dublikatının verilməsi üçün isə 2100 rubl rüsumun müəyyən edilməsi nəzərdə tutulur.
Spikerin sözlərinə görə, xarici vətəndaşların müvəqqəti yaşayış yeri üzrə qeydiyyata alınması, daimi yaşayış yeri üzrə qeydiyyatı, Rusiyada müvəqqəti qalma müddətinin uzadılması, avtomobil və digər nəqliyyat vasitələri ilə bağlı qeydiyyat əməliyyatlarına görə də dövlət rüsumlarının artırılması təklif edilir.
Volodin əlavə edib ki, bu tədbirlər yalnız dövlət büdcəsinə əlavə vəsait gətirməyəcək, həm də miqrantlar üzərində nəzarəti gücləndirməyə, onların faktiki yaşadıqları yerləri müəyyən etməyə, bu da öz növbəsində qeyri-qanuni miqrasiyanın azaldılmasına töhfə verəcək.