Bu gün

Politoloq: “Əbu-Dabi görüşünün nəticəsi qarşıdakı həftələrdə bilinəcək - AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngəzur dəhlizinin açılması mövzusunda apardığı danışıqlarda səmimi olub-olmadığını qarşıdakı günlər göstərəcək”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov səsləndirib.

Politoloqun sözlərinə görə, İrəvanla Moskva arasındakı hazırkı gərginlik, əslində, real deyil və bu, Kremlin Ermənistan-Rusiya münasibətləri sahəsində oynadığı oyunun tərkib hissəsidir:

“Əvvəllər də qeyd etmişdim ki, Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Bəziləri Rusiyanın bu məsələdə maraqlı olduğunu iddia etsə də, bu fikrin doğru olmadığı aydın oldu. Əgər Rusiya Ermənistanda nəyisə etmək istəsə, bunu çox rahatlıqla həyata keçirir. Bunu Paşinyanın Qələbə Günü Moskvadakı paradda iştirak etməsində də gördük. İrəvanda anti-Rusiya ab-havası hökm sürsə də, lazım olan anda Paşinyan istədiklərini edir”.

Onun fikrincə, Əbu-Dabidə baş tutan görüşdən sonra həqiqət anı gəlir:

“Əgər İrəvan danışıqlarla bağlı vaxtı uzatmağa çalışsa, sənədlərin mətbuata sızmasına şərait yaratsa və eyni zamanda müxalifət qüvvələrinin etirazlarını stimullaşdırsa, o zaman Bakı, Ankara və Vaşinqton belə qənaətə gələcəklər ki, İrəvan bu problemi səmimi şəkildə həll etmək niyyətində deyil. Sadəcə öz razılığının görüntüsünü yaradır və Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədir”.

Politoloq hesab edir ki, İrəvanın kommunikasiyaların açılmasına və normallaşmasına hansı səviyyədə hazır olduğunu yaxın həftələrdə görmək mümkün olacaq:

“Azərbaycanın mövqeyi birmənalıdır. Əvvəlcə Zəngəzur dəhlizi açılmalı, sonra digər kommunikasiyalar müzakirə mövzusu ola bilər. Bu, həm də Türkiyə ilə əlaqələrin bərpası və Azərbaycan ərazisindən rabitə imkanlarından istifadəyə aiddir. Əgər İrəvan bu şərtlərlə razılaşmırsa, deməli, onun kommunikasiyaların normallaşmasına dair çağırışları yalnız görüntüdən ibarətdir. Qarşıdakı həftələr bu məsələyə tam aydınlıq gətirəcək”.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?