Şəxsiyyət vəsiqəsi dəyişir: Ünvan və vətəndaşlıq yazılacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və tərkibində dəyişikliklər edilib.
Təhlil.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Yeni dəyişikliklərə əsasən, vəsiqəyə şəxsin yaşayış yeri və vətəndaşlığı barədə məlumatlar əlavə ediləcək. Bu addım vəsiqənin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırılması və sənədin səyahət sənədi kimi istifadəsində yaranan çətinliklərin aradan qaldırılması məqsədi daşıyır.
Eyni zamanda, vəsiqənin elektron çipində yalnız zəruri məlumatların saxlanılması, digər məlumatların isə IAMAS sistemi vasitəsilə kriptoqrafik mühafizə altında qorunması nəzərdə tutulur. Yeni qaydalara görə, yaşayış yerinin dəyişməsi vəsiqənin dəyişdirilməsi səbəblərinə daxil ediləcək və texniki səhvlər dövlət rüsumu olmadan düzəldiləcək.