Qarabağı tərk edən ermənilər Ermənistanda daxili problemlərə səbəb olurlar - ŞƏRH

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağdakı ermənilər könüllü surətdə ərazini tərk edərək Ermənistana yerləşiblər. Zaman-zaman erməni hökumətinə qarşı müəyyən daxili və xarici qüvvələrin əlində siyasi alətə çevrilən Qarabağ erməniləri seçki ərəfəsində yenidən aktivləşiblər. Əksəriyyətinin əvvəldən Ermənistan vətəndaşlığı olduğunu, rəsmi rəqəmlərə görə, 20 minə yaxın şəxsin də artıq vətəndaşlıq aldığını və ya bu məqsədlə müraciət etdiyini nəzərə alsaq, 2026-cı il seçkilərində onlardan istifadənin nəticələrə müəyyən təsiri olacağını söyləyə bilərik.
Bir müddətdir ciddi təlatümlər yaşayan Ermənistanın daxili siyasi mühiti yeni mərhələyə qədəm qoyub. Paşinyan komandası ilə Kilsə qarşıdurması, rusiyalı milyarder iş adamı və onun ətrafının həbsi, Daşnaksütyuna qarşı ciddi reydlər deməyə əsas verir ki, hakimiyyət seçkilərə qədər bütün rəqiblərini oyundan kənarlaşdırmağı, mütləq qələbə əldə etməyi qarşısına məqsəd qoyub. Hətta iş o həddə çatıb ki, hakim partiyanın üzvü Hasmik Akopyan qeyd edib ki, Daşnaksütyunu bağlamaq və onu terrorçu qruplaşmaya daxil etmək haqqında düşünməyin vaxtıdır.
Paralel olaraq isə, iyulun 12-də Qarabağ erməniləri İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçiriblər. Onlar sosial problemlərinin həllini, Bakıda həbsdə olan separatçıların azadlığa buraxılmasını, təhlükəsiz şəraitdə Qarabağa qayıtmalarının təmin edilməsini tələb ediblər. Aksiyanın təşəbbüskarı olan qrup meydanda gecə də qalmaq istəsə də, polis çadır qurmağa icazə verməyib.
Bu gün isə səhər saatlarından başlayaraq oturaq aksiya keçirən Qarabağ erməniləri hökumət binasının qarşısına toplaşaraq etirazlara davam etmək niyyətində olduqlarını bildiriblər. Onların arasında Artak Beqlaryan və Apres Markaryan da var. Bu iki şəxsin etiraz aksiyasında görünməsi bir sıra mətləblərdən xəbər verir və mitinqin birbaşa xaricdən idarə edildiyini sübut edir.
Bu faktı sübuta yetirən digər məsələ də Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyandır. Məlum olub ki, ötən həftənin əvvəlində Oskanyan Vaşinqtonda İsveçrənin iki deputatı ilə görüş keçirib. Erix Fontobel və Lukas Raymon adlı parlamentarilərlə keçirilən görüşdə “Xristian həmrəyliyi” təşkilatının nümayəndəsi Con Eybner də iştirak edib. Görüş nəticəsində Birləşmiş Ştatlara İsveçrənin Qarabağ məsələsi ilə bağlı mövqeyi təqdim edilib.
Üçgünlük görüş zamanı Oskanyan eyni zamanda, ABŞ-nin vitse-prezidenti Cey Di Vansla, Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə müşaviri ilə, dövlət katibinin iki köməkçisi ilə, Senat və Nümayəndələr Palatasının onlarla üzvü ilə görüşlər keçirib.
Bütün bunlar deməyə əsas verir ki, İrəvanda hazırda Qarabağ ermənilərinin mitinqi məhz Vaşinqtondan idarə edilir. Bu görüşlərin nəticəsi olaraq kütlə etiraza başlayıb və məqsəd sırf Paşinyan hökumətinə qarşıdır. Mitinq səbəbi kimi təqdim olunan sosial problemlər və digər məsələlər isə medalyonun görünən üzüdür.
Ehtimal etmək olar ki, bu işdə erməni diasporu da ciddi maraqlıdır və təşkilatçılardan biridir. Təsadüfi deyil ki, Ermənistanın Qlendeyldə yerləşən konsulluq binası qarşısında Apostol kilsəsini dəstəkləmək məqsədi ilə etiraz aksiyası keçirilib. Tərəflər iyulun 13-də etiraza çıxaraq Baqrat Qalstanyanın, Mikael Acapahyanın, iş adamı Samvel Karapetyanın və həbs edilmiş digər şəxslərin azadlığa buraxılmasını tələb ediblər.
Görünən odur ki, artıq Qərbin müəyyən siyasi dairələri Ermənistanda daxili çaxnaşma yaratmaq üçün Qarabağ erməniləri kartından istifadə etmək niyyətinə düşüblər. Bu işdə onlar diasporun gücündən və Oskanyan kimi şəxslərin nüfuzundan istifadə edirlər. Amma hadisələrin gedişatı göstərir ki, Paşinyan hökuməti Qarabağ ermənilərini etirazlara təhrik edən şəxslərə qarşı da total həbs reydinə başlayacaq.
Hikmət Həsənov