Bu gün

TDT Budapeştə çıxır: Türk dünyası Avropa səhnəsində - TƏHLİL

Türkdilli Dövlətlər Təşkilatının Budapeştdə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü sadəcə bir diplomatik tədbir deyil. Bu görüş türk dünyasının geosiyasi ambisiyalarının, regionaldan qlobal səhnəyə çıxmaq cəhdinin simvoludur. Maraqlıdır ki, bu dəfə ev sahibliyini təşkilata üzv yox, müşahidəçi statusuna malik Avropa ölkəsi Macarıstan edir. Bu detal təkcə rəmzi deyil, həm də strateji məna daşıyır. TDT artıq yalnız Orta Asiyanın və Cənubi Qafqazın içində qapanan blok olmaq istəmir, Avropa platformalarında oyunçu qismində çıxış etmək niyyətindədir.

“Şərq və Qərbin görüş nöqtəsi” devizi ilə keçirilən bu zirvə əslində türk dünyasının mövqeyini dəyişmək, onu Avrasiyada təkcə mədəni deyil, siyasi və iqtisadi güc qütbünə çevirmək planlarının bir hissəsidir. Budapeştin ev sahibliyi etməsi isə bu planların artıq Avropada da siyasi rezonans doğurduğunu göstərir. Macarıstanın bu prosesdə fəallığı onun həm mədəni yaxınlıq, həm də Avropa daxilində fərqli geosiyasi mövqe axtarışları ilə bağlıdır.

TDT-nin Budapeşt sammiti həm struktur, həm də məzmun baxımından yeni mərhələnin siqnalını verir. İqtisadi inteqrasiyadan tutmuş, enerji təhlükəsizliyinə, nəqliyyat-logistika marşrutlarından tutmuş, rəqəmsal transformasiya və humanitar əməkdaşlığa qədər geniş gündəmlə çıxış edən təşkilat “bir dildən çox, bir güc olmaq” ambisiyası ilə addımlayır.

Əslində, bu zirvə ilə TDT özünün funksional ittifaqa çevrilməsi yolunda daha bir addım atmaq istəyir. Xüsusilə enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr təşkilata iqtisadi dəyər, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində əməkdaşlıqlar isə strateji dərinlik qazandırır. Azərbaycanın və Qazaxıstanın enerji potensialı, Türkiyənin siyasi çəkisi, Özbəkistan və Qırğızıstanın Orta Asiyada yüksələn rolu birlikdə TDT-nin beynəlxalq nüfuzunu artırmaq üçün real baza yaradır.

Bu sammit türk dünyasının daxilindəki psixoloji baryerlərin aşılmasında bir mərhələ ola bilər. Çünki təşkilatın gələcəyi yalnız coğrafi inteqrasiyada deyil, ortaq strateji şüurun formalaşmasında gizlidir. Bu baxımdan Budapeşt görüşü həm də “biz kimik və hara gedirik?” sualına veriləcək real cavablar üçün siyasi laboratoriyadır.

TDT-nin bu iddiaları, təbii ki, bölgədə və ondan kənarda da diqqətlə izlənir. Rusiya, Çin və Avropa İttifaqı üçün bu strukturun hansı məqamlarda “tarixi bağ” formatından çıxaraq real gücə çevriləcəyi sualı əhəmiyyətlidir. Eləcə də, Qərbin enerji və nəqliyyat təhlükəsizliyində türk dünyasına artan marağı təşkilatın qlobal tərəfdaşlıq imkanlarını genişləndirir. Macarıstanın rolunun artması bu maraqların artıq təşkilatın içindən formalaşmağa başladığını göstərir.

Bununla belə, TDT-nin qarşısında hələ də ciddi sınaqlar var. Siyasi iradənin davamlılığı, iqtisadi layihələrin real nəticə verməsi və ən əsası – təşkilat daxilindəki fərqli maraqların balanslaşdırılması. Amma Budapeşt sammiti göstərir ki, bu struktur artıq sadəcə istək və niyyətlərlə yox, formalaşmaqda olan konkret institutlarla, inteqrasiya mexanizmləri ilə çıxış etməyə başlayır.

Bir sözlə, Budapeştdəki qeyri-rəsmi sammit TDT üçün Avropa platformasında “yol xəritəsini cızmaq” cəhdi deyil, bu yolun artıq yola çevrilməyə başladığını göstərən real addımdır. Bu addımın uğuru isə türk dünyasının gələcəyi ilə bağlı uzun illər səslənən ritorikaların nə dərəcədə strateji planlara çevriləcəyindən asılıdır. İndi bu ritorikanın yerini artıq diplomatiya yox, real mexanizmlər və icra planları almalıdır.

MTM ANALİTİK QRUPU