“Azərbaycan artıq ABŞ və Mərkəzi Asiya üçün strateji mərkəzdir” - RƏY

“Azərbaycan Mərkəzi Asiya və ümumilikdə Türküstan regionunun inkişafında mühüm rol oynayır”.
Bu fikirləri təhlil.az-a saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.
O bildirib ki, Bakı həm Xəzəryanı regionda, həm də Mərkəzi Asiyada həyata keçirilən iqtisadi və tranzit layihələrin mərkəzində dayanır:
“Azərbaycan və Qazaxıstan bu regiondakı layihələrin icrasında, onların gələcək tranzit və iqtisadi potensialında əsas rol oynayır. Bu baxımdan, Azərbaycan Prezidentinin 6 noyabrda Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya–ABŞ sammitində iştirak etməsi tam məntiqlidir. Üstəlik, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi bu tədbirə şəxsən dəvət edib”.
Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu deyən tarixçi vurğulayıb ki, Çindən çıxan və Türküstan üzərindən keçən bütün tranzit yolları yalnız Azərbaycanın ərazisi vasitəsilə Avropaya gedə bilər:
“Yuxarıda sanksiyalı Rusiya, aşağıda sanksiyalı İran yerləşir. Bu da o deməkdir ki, sözügedən xətt üçün yeganə təhlükəsiz yol Azərbaycandır”.
R. Hüseynov Bakı və İrəvan arasında davam edən sülh prosesinə də toxunub:
“Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq yalnız kağız üzərində deyil, real həyatda da irəliləyir. Vaşinqtonda 8 avqustda paraflanmış sülh sazişi üzrə razılaşmalar mərhələli şəkildə həyata keçirilir. Bu, Ermənistan üçün də faydalıdır, çünki onun Rusiyadan asılılığını, o cümlədən qiymət asılılığını azaldır. Prezident İlham Əliyevin Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırmaq barədə bəyanatı da bu kontekstdə mühüm addımdır.
Azərbaycan İrəvana etimad krediti verir, onun sülh prosesini davam etdirməsinə ümid göstərir. Əgər Ermənistan Zəngəzur yolunun tikintisini sürətləndirsə, bu, onun suverenliyini və müstəqilliyini daha da möhkəmləndirəcək”.
Mərkəz direktorunun fikrincə, İrəvanın iqtisadi vəziyyətinin möhkəmlənməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması regionda yeni imkanlar yaradacaq:
“Bu, Ermənistanın tranzit potensialını artıracaq, üçüncü ölkələrin yüklərinin də onun ərazisindən keçməsinə şərait yaradacaq. Bu, Ermənistanın müharibədə məğlubiyyətdən sonra qazandığı ən real fürsətdir. Əslində, həmin məğlubiyyət nəticəsində İrəvanın illərlə davam edən blokadası da aradan qalxır”.
Ekspert əlavə edib ki, Azərbaycanın qurduğu yeni regional nizam həm iqtisadi, həm də siyasi baxımdan Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad mühitini möhkəmləndirir.
Rasim Babayev