Serbiya enerji təhlükəsizliyinin təminatını Azərbaycana həvalə edir - ŞƏRH

Ötən əsrin son dekadasından etibarən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rollardan birini oynamağa başlayıb. Zaman keçdikcə bu rolun miqyası daha da genişlənib və möhkəmlənib. Əvvəlcə neft və qaz sektorunda özünü göstərən bu proses artıq elektrik enerjisi sahəsini də əhatə edir. Hadisələrin inkişaf dinamikası göstərir ki, qarşıdakı dövrdə Avropanın müxtəlif ölkələrinin elektrik enerjisi ilə təminatında Azərbaycan əsas təchizatçılardan biri kimi çıxış edə bilər. Bunun konkret nümunələrindən biri Serbiyadır.
İki ölkə arasında dinamik inkişaf edən münasibətlər fonunda əməkdaşlığın dərinləşdiyi əsas istiqamətlərdən biri məhz energetika sektorudur. Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri və əldə edilən razılaşmalar bu sahədə yeni mərhələnin başlanğıcını qoyur. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” imzalanıb.
Bu sənəd təkcə enerji sahəsində texniki əməkdaşlıq aktı deyil, həm də dəyişən regional enerji xəritəsində tərəflərin strateji maraqlarını əks etdirən mühüm siyasi-iqtisadi addımdır. Xüsusilə Serbiyada artan elektrik enerjisi tələbatı fonunda bu təşəbbüs ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanın Balkan regionundakı rolunu əhəmiyyətli dərəcədə genişləndirir.
Stansiyanın inşası Azərbaycanın investisiyası hesabına həyata keçiriləcək. Onun təbii qazla təminatında da Azərbaycanın əsas rol oynayacağı gözlənilir. Bu isə Serbiya üçün strateji əhəmiyyət daşıyır. Son illərdə ölkədə iqtisadi artım, sənayeləşmə və urbanizasiya proseslərinin sürətlənməsi ilə paralel olaraq elektrik enerjisinə tələbat əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal güclərinin əsas hissəsi kömürlə işləyən istilik elektrik stansiyalarının payına düşür. Lakin bu stansiyalar həm texniki baxımdan köhnəlib, həm də Avropada tətbiq olunan sərt ekoloji tələblərə tam uyğun deyil.
Eyni zamanda quraqlıq dövrlərində hidroenerji istehsalının azalması Serbiyanın enerji balansında qeyri-sabitlik yaradır. Bu amillər ölkənin enerji sistemində diversifikasiyaya və daha çevik, səmərəli istehsal güclərinə ehtiyac olduğunu göstərir. Məhz bu kontekstdə qaz-turbin elektrik stansiyası layihəsi xüsusi əhəmiyyət kəsb edir.
Qaz-turbin texnologiyası qısa müddətdə istismara verilə bilməsi, yüksək səmərəliliyi və kömürlə müqayisədə daha aşağı emissiya səviyyəsi ilə seçilir. Belə stansiyalar pik tələbat dövrlərində enerji sisteminin balanslaşdırılması üçün effektiv vasitə hesab olunur. Serbiya üçün bu layihə həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də Avropa İttifaqının enerji və iqlim siyasəti ilə uyğunlaşma baxımından strateji əhəmiyyət daşıyır.
Bu prosesdə Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan uzun illərdir enerji istehsalı və ixracı sahəsində zəngin təcrübəyə malikdir. Ölkə neft-qaz hasilatı ilə yanaşı, elektrik enerjisi istehsalı və ötürülməsi infrastrukturu sahəsində də genişmiqyaslı layihələr həyata keçirib. Dövlət və özəl sektor qurumları iri energetika obyektlərinin tikintisi və idarə olunması üzrə ciddi texniki və institusional baza formalaşdırıb. Bu təcrübənin Serbiyada tətbiqi Balkan regionunda yeni əməkdaşlıq modelinin yaranmasına şərait yaradır.
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu layihə enerji sektorunda əməkdaşlığın şaxələndirilməsinin vacib göstəricisidir. Onun sözlərinə görə, qaz əməkdaşlığından başlanmış proses artıq həmin qazın elektrik enerjisinə çevrilməsi və hər iki tərəf üçün maksimal səmərəliliklə istifadəsi mərhələsinə keçib. Prezident vurğulayıb ki, bu, Azərbaycanın son illərdə Avropaya yönəlmiş əsas investisiyalarından biri olacaq və yüksək səviyyəli qarşılıqlı etimadı nümayiş etdirir.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə ölkəsində elektrik enerjisinə böyük tələbatın olduğunu bildirib. Onun sözlərinə görə, Serbiya 2029-cu ilə qədər qazla işləyən 500 meqavat gücündə elektrik stansiyasını istismara verməyi planlaşdırır. Layihənin Niş şəhəri ətrafında həyata keçirilməsi nəzərdə tutulur və üç mümkün məkan – Tripale, Kruşti və Nişka Banya müzakirə olunur. Vuçiç qeyd edib ki, bu təşəbbüs təmiz enerji istehsalına keçid baxımından da əhəmiyyətlidir və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilir.
Qeyd edilməlidir ki, Azərbaycanın Serbiyada qaz-turbin elektrik stansiyasının layihələndirilməsi və tikintisində iştirakı yalnız podratçı funksiyası ilə məhdudlaşmır. Bu, investisiya və uzunmüddətli idarəetmə mexanizmlərini əhatə edən kompleks əməkdaşlıq formatıdır. Belə yanaşma Azərbaycanın Serbiya iqtisadiyyatında mühüm investor kimi mövqeyini gücləndirir.
Serbiya üçün Azərbaycanın investor qismində çıxış etməsi bir neçə baxımdan faydalıdır. Birincisi, əlavə maliyyə resursları cəlb olunur. İkincisi, Azərbaycan tərəfinin texniki və idarəetmə təcrübəsi layihənin səmərəli icrasını təmin edir. Üçüncüsü, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi təşəbbüslərin davamlı əsasda həyata keçirilməsinə zəmanət yaradır.
Azərbaycan üçün isə bu saziş Avropa məkanında enerji tərəfdaşı kimi mövqelərin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ölkə artıq bir sıra Avropa dövlətlərinə təbii qaz və neft ixrac edir və enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi qəbul olunur. Serbiyada elektrik enerjisi istehsalı layihəsində iştirak etməklə Azərbaycan enerji dəyər zəncirinin daha geniş seqmentinə daxil olur – təkcə xammal tədarükçüsü deyil, həm də enerji infrastrukturu qurucusu və operatoru kimi çıxış edir.
Nəticə etibarilə, bu layihə iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə də töhfə verir. Enerji sahəsində əməkdaşlıq digər sektorlar üçün katalizator rolunu oynayır – infrastruktur, tikinti, maliyyə, mühəndislik və xidmət sahələrində yeni imkanlar yaranır. Beləliklə, qaz-turbin elektrik stansiyası layihəsi yalnız bir enerji obyekti deyil, daha geniş və uzunmüddətli iqtisadi tərəfdaşlığın platformasıdır. Bu tərəfdaşlıq hər iki ölkənin strateji maraqlarına cavab verir.
MTM Analitik Qrupu