ABŞ-də keçirilən aralıq seçkilərindən sonra İranın aqressivləşməsi regionda gərginliyi artırıb - TƏHLİL

Cari ilin noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Yaxın Şərqdə onsuz da gərgin olan hərbi-siyasi vəziyyət yeni mərhələyə daxil olub. İranın hərbi fəallığının artması, ABŞ qüvvələrinə qarşı hücumlar, Hörmüz boğazı ətrafında təhlükəsizlik riskləri və Tehranın TRIPP layihəsinə qarşı sərt bəyanatları bu qarşıdurmanın artıq Cənubi Qafqaz üçün də əhəmiyyət daşıdığını göstərir.
ABŞ Prezidenti Donald Tramp dünən Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran son bir həftə ərzində bir ildən artıq müddətin istənilən digər dövrü ilə müqayisədə daha çox pilotsuz uçuş aparatı və raket buraxıb. Tramp onların ABŞ müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini iddia edib.
O, həmçinin İran hakimiyyətini ABŞ-dəki siyasi dəyişikliklərdən ruhlanaraq daha aqressiv davranmaqda ittiham edib. Trampın fikrincə, Tehran demokratların zəifliyinə ümid edir.
Son günlər İranla ABŞ arasında qarşılıqlı hərbi zərbələr yenidən intensivləşib. Associated Press-in məlumatına görə, İran son beş gün ərzində Bəhreyndəki ABŞ hərbi obyektlərinə üç dəfə hücum edib. Hücumların birində radar qurğusunun hədəfə alındığı, pilotsuz aparatların müdafiə sistemləri tərəfindən qarşılandığı bildirilir.
ABŞ isə cavab olaraq Hörmüz boğazı yaxınlığında Qeşm adasındakı İran hərbi obyektinə zərbə endirib.
Bu hadisələr göstərir ki, tərəflər arasında mövcud qarşıdurma yalnız siyasi bəyanatlar səviyyəsində qalmır. Hörmüz boğazının təhlükəsizliyi də yenidən beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilir.
Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji su yolunda hər hansı genişmiqyaslı hərbi eskalasiya enerji qiymətlərinə, beynəlxalq daşımaların təhlükəsizliyinə və region ölkələrinin iqtisadi maraqlarına ciddi təsir göstərə bilər.
İranın Cənubi Qafqazla bağlı mövqeyində diqqət çəkən əsas məsələlərdən biri TRIPP – Trump Route for International Peace and Prosperity layihəsidir.
Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə və daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə birləşdirmək potensialına malik bu marşrut regionun geoiqtisadi mənzərəsini dəyişə bilər.
2026-cı ilin noyabrın 6-da Azərbaycan, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılıq əldə olunub. Nəqliyyat və elektrik enerjisinin ötürülməsi əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Lakin Tehran bu təşəbbüsə müsbət yanaşmır. Noyabrın 5-də İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti TRIPP layihəsi ilə bağlı sərt bəyanatla çıxış edərək, İranın sərhədləri yaxınlığındakı maraqlarının pozulmasına qarşı çıxacağını bildirib.
Onun açıqlamasında layihənin İranın geosiyasi maraqları üçün qəbuledilməz olduğu fikri açıq şəkildə ifadə edilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında TRIPP layihəsi ilə bağlı Tehranın mövqeyinə əlavə aydınlıq gətirib. O bildirib ki, İran layihənin ölkənin təhlükəsizlik maraqlarına zərər vurmayacağına dair yalnız üçüncü tərəflərin verdiyi təminatlara arxalanmaq niyyətində deyil. Bəqainin sözlərinə görə, Tehran İran sərhədləri yaxınlığında istənilən hərbi və ya güc strukturunun mövcudluğunu qəbuledilməz hesab edir. O, Ermənistan tərəfinin bu məsələ ilə bağlı İrana lazımi təminatlar verdiyini, iki ölkə arasında yüksək etimad səviyyəsinin mövcud olduğunu vurğulayıb. Bununla yanaşı, İranın üçüncü tərəflərə münasibətdə etimadsız yanaşmasını qoruduğunu xüsusi qeyd edib.
Bu açıqlama Tehranın TRIPP layihəsinə münasibətində mühüm məqamı üzə çıxarır: İran üçün əsas məsələ təkcə nəqliyyat dəhlizinin yaradılması deyil, həmin marşrutun təhlükəsizlik və hərbi-strateji baxımdan hansı formada fəaliyyət göstərəcəyidir.
Xüsusilə ABŞ-nin layihədə iştirak etməsi Tehranın narahatlığını artıran amillərdən biridir. Beləliklə, Ermənistanın verdiyi təminatlar İranla ikitərəfli münasibətlərdə müəyyən etimad yaratsa da, Vaşinqtonun iştirakı məsələsində Tehranın şübhələri qalmaqdadır.
Analitik baxımdan bu bəyanat göstərir ki, İran TRIPP layihəsinə qarşı mövqeyini yalnız diplomatik etirazlarla məhdudlaşdırmır, onun gələcək təhlükəsizlik arxitekturasına dair konkret təminatlar tələb edir.
Mövcud vəziyyət Azərbaycan qarşısında həm yeni imkanlar, həm də təhlükəsizlik çağırışları yaradır. Bir tərəfdən, TRIPP layihəsinin reallaşması Azərbaycanın tranzit potensialını artıraraq ölkəni Şərq-Qərb nəqliyyat bağlantılarının mühüm iştirakçısına çevirə bilər. Digər tərəfdən, İranın bu layihəyə qarşı sərt mövqeyi və ABŞ ilə artan hərbi qarşıdurması Cənubi Qafqazın daha geniş geosiyasi rəqabətin təsir dairəsinə daxil olması riskini yaradır.
Azərbaycan üçün əsas məsələ regional iqtisadi layihələrin təhlükəsizliyini qorumaq, qonşularla münasibətlərdə gərginliyin artmasının qarşısını almaq və beynəlxalq tərəfdaşlarla balanslaşdırılmış əməkdaşlığı davam etdirməkdir.
ABŞ-də aralıq seçkilərdən sonrakı siyasi vəziyyət, İranın hərbi fəallığı, Hörmüz boğazı ətrafında artan risklər və TRIPP layihəsinə qarşı Tehranın etirazları bir-birindən təcrid olunmuş hadisələr deyil. Bunlar Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən daha geniş geosiyasi prosesin tərkib hissələridir.
İranın qarşıdurmanı genişləndirməsi həm ABŞ ilə münasibətlərə, həm də regionun nəqliyyat və enerji təhlükəsizliyinə təsir göstərə bilər. TRIPP isə bu rəqabətin Cənubi Qafqazdakı əsas geosiyasi mövzularından birinə çevrilir.
Yaxın perspektivdə əsas sual İranın bu layihəyə qarşı ritorik müqavimətini hansı səviyyəyədək davam etdirəcəyi və regional rəqabətin iqtisadi əməkdaşlığa nə dərəcədə təsir göstərəcəyidir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və müdafiə məsələlərinə verdiyi önəm xarici siyasi və hərbi təzyiqlərə layiqli cavab vermək üçün ən effektiv vasitələrdir.
Azadxan Axundov