Bu gün

Ekspert: "Ermənistan yaxın illərdə Aİ üzvü olmayacaq" - AÇIQLAMA

"Ermənistan yaxın onilliklərdə Avropa İttifaqının üzvü olmayacaq". 

Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İskandaryan deyib 

Onun sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), həm də Avropa İttifaqının üzvü olması mümkün deyil: 

"Çünki iki gömrük ittifaqında paralel üzvlük mümkün deyil. Niyyətlə üzvlük tamam fərqli anlayışlardır. Əgər bu, belə olmasaydı, yəqin ki, indi Afrikanın bütün ölkələri, Asiyanın isə azı yarısı Avropa İttifaqının üzvü olardı. Arzu etmək yaxşıdır, amma mən onilliklərdir Brüssel ilə danışıqlar aparan, lakin hələ də Aİ-yə üzv olmayan ölkələri tanıyıram. Türkiyəni və Balkan dövlətlərini misal çəkmək olar".

Ermənistanın Avrasiya İqtisadi İttifaqının və KTMT-nin üzvü olduğunu xatırladan politoloq söyləyib ki, KTMT məsələsi bir qədər daha mürəkkəbdir: 

"Çünki Ermənistan formal olaraq bu təşkilatın üzvü olaraq qalır və məncə, qalmaqda da davam edəcək. Amma real baxımdan İrəvan təşkilatın fəaliyyətində iştirak etmir. Ermənistan KTMT-yə üzvlük haqlarını ödəmir, erməni rəsmiləri təşkilatın iclaslarında iştirak etmirlər, ölkə ərazisində KTMT ilə bağlı heç bir tədbir keçirilmir. Eyni zamanda, İrəvan mövcud imkanlar çərçivəsində Avropa ölkələri ilə yaxınlaşmağa çalışır. Lakin Avropa İttifaqına üzvlükdən danışmaq hazırkı mərhələdə ciddi yanaşma deyil”. 

Ekspert vurğulayıb ki, rusiyalı təbliğatçı Solovyovun Ermənistan və Mərkəzi Asiya ölkələrini “xüsusi hərbi əməliyyat”la hədələməsi ciddi qəbul edilməməlidir: 

“Müxtəlif rusiyalı təbliğatçıların - Solovyovun Ermənistan və Mərkəzi Asiya ölkələrinə qarşı SVO ilə hədələyici açıqlamalarına  əsəbi reaksiya verməyə dəyməz. Çünki, hazırda postsovet məkanında Rusiya–Ukrayna müharibəsindən başqa hər hansı yeni müharibədən danışmaq ciddi deyil".  

A.İskəndaryanın fikrincə, diqqət Rusiya mediasındakı ritorikaya deyil, Moskvanın real siyasətinə yönəldilməlidir.

“Rusiya mediasında həm Azərbaycan, həm Ermənistan, həm də son vaxtlar Özbəkistanla bağlı çox müxtəlif diskurslar səslənir.  Ukrayna və Baltikyanı ölkələr barədə isə deməyə ehtiyac yoxdur. Bu, hamıya məlumdur. Moskvanın postsovet məkanına yanaşması, regiondan-regiona ciddi şəkildə fərqlənir. Rusiya Ukraynaya, Moldovaya, Azərbaycan və Ermənistana, eləcə də Mərkəzi Asiyaya eyni cür baxmır, bu ölkələrlə bağlı yanaşma tamamilə fərqlidir. Çünki Moskva əsas diqqətini tamamilə başqa istiqamətə - Ukraynaya və onun ətrafındakı proseslərə yönəldib. Bu baxımdan, Solovyovun açıqlamalarını ciddi qəbul etməyə dəyməz”, – deyə politoloq əlavə edib. 

Rasim Babayev 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?