ABŞ-nin Qrenlandiya iddiaları beynəlxalq nizamda daha böyük böhrana yol açır - TƏHLİL

Günümüzdə beynəlxalq hüquq sahəsində ciddi böhranın yaranması, bunun dünya nizamını təhdid altında qoyması beynəlxalq aləmdə açıq şəkildə bəyan olunur. Lakin məsələnin ən acınacaqlı tərəflərindən biri odur ki, problemin mövcudluğuna rəğmən, onun həlli istiqamətində addım atılmır. Əksinə, proseslər beynəlxalq hüququn pozulma tempinin, dünya nizamının daha çox sarsılmaqda olduğunu göstərir. Hətta iş o yerə gəlib çatıb ki, qeyd edilən kontekstdə onilliklər boyu davam edən müttəfiqliklər, tərəfdaşlıqlar çat verir. Bunu ABŞ və Avropa nümunəsində bir daha görmək mümkündür.
Ümumiyyətlə, son bir sıra hadisələr avropalılar üçün sözün əsl mənasında kabusa çevrilir. Venesuela, İran ətrafında yaşananlardan çaşqın vəziyyətə düşən Avropa indi ABŞ-nin Qrenlandiya iddiaları ilə sarsılır. ABŞ Prezidenti Donald Tramp bəyan edir ki, strateji mövqedə yerləşən və minerallarla zəngin olan ada ölkəsinin təhlükəsizliyi üçün vacibdir. Tramp onu da qeyd edir ki, Amerika adanın Rusiya və ya Çin tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün ona nəzarət etməlidir. ABŞ lideri Qrenlandiyanı pulla almağı təklif edir, lakin güc yolu ilə də ələ keçirilmə ehtimalını istisna etmir. Qrenlandiya və Danimarka adanın satılmadığını, güc tətbiq etməklə hədələmələrinin ehtiyatsızlıq olduğunu bildirirlər. Avropa İttifaqı liderləri də Danimarkanı dəstəkləyiblər. Lakin Tramp hesab edir ki, Danimarka Arktikada Rusiya və Çinin təsirinə qarşı çıxa bilmir: “Problem ondadır ki, Rusiya və ya Çin Qrenlandiyanı işğal etmək istəyirsə, Danimarka heç nə edə bilməz, amma biz hər şeyi edə bilərik. Bunu Venesuela ilə bağlı öyrəndiniz”. O, güc tətbiqini istisna etməyib, lakin hansısa həll yolunun tapılacağına ümid etdiyini bildirib. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts vurğulayıb ki, rəsmi Vaşinqtonun Qrenlandiyaya iddiaları beynəlxalq hüququ pozmur. Diplomat hesab edir ki, ABŞ Prezidenti Donald Tramp sadəcə, adanın alınması üçün razılaşma əldə etməyə çalışır və Vaşinqton əvvəllər də oxşar yanaşma tətbiq edib: “Tramp 33-cü ABŞ Prezidenti Harri Trumanın 1940-cı illərdə etməyə çalışdığı kimi, Vircin adaları ilə etdiyimiz kimi, razılaşma əldə etməyə çalışır”. Halbuki, Qrenlandiya və Danimarka ABŞ-nin iddialarını rədd edirlər, ancaq görünən odur ki, Vaşinqton bununla hesablaşmaq niyyətində deyil. Hətta NATO müttəfiqliyi belə ABŞ-ni dayandırmır və bunu Tramp açıq mətnlə bildirir: “Görəcəyik nə olacaq və əgər bu, NATO-nun sonu deməkdirsə, qoy, elə olsun”.
ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları əslində, yeni deyil. Burada xatırlatmaq lazım gəlir ki, Qrenlandiyanın maraqlı və mürəkkəb tarixi var. Yerli İnuit xalqı adada min illər boyu dövlət qurumları olmadan yaşayıb. Qrenlandiyada XI-XV əsrlərdə kiçik Norveç və İslandiya koloniyaları mövcud olub və onlar sonradan tənəzzülə uğrayıb. XVIII əsrdə Danimarka ada üzərində nəzarəti ələ keçirib. İkinci Dünya Müharibəsi zamanı ABŞ Qrenlandiyaya qoşun çıxarıb və o vaxtdan burada hərbi mövcudluğunu qoruyur. Hələ 1946-cı ildə ABŞ gizli şəkildə Danimarkaya dünyanın ən böyük adası üçün 100 milyon dollar ekvivalentində qızıl təklif etsə də, Danimarka bunu rədd edib. Soyuq Müharibə dövründə Qrenlandiya Sovet limanlarını Atlantik okeanı ilə birləşdirən dəniz yollarına nəzarət etmək, eləcə də qitələrarası ballistik raket buraxılışları üçün erkən xəbərdarlıq sistemlərinin yerləşdirilməsi üçün əlverişli bir yer kimi ABŞ üçün böyük strateji əhəmiyyətə malik idi. 1951-ci il ABŞ-Danimarka müqaviləsi adada Amerika ordusuna geniş səlahiyyətlər verdi və Soyuq Müharibə dövründə adada onlarla Amerika bazası fəaliyyət göstərirdi. Bu gün onlardan Qrenlandiyada yalnız “Pituffik” bazası qalıb və ABŞ-nin raketdən müdafiə sistemində əsas rol oynayır.
Geniş ərazisinə baxmayaraq, Qrenlandiya yaşayışın çox az olduğu adadır: burada 57000 insan yaşayır və təxminən 80 faizi buzla örtülüdür. Adanın əhali sıxlığı dünyada ən aşağı göstəricilərdən biridir. Qrenlandiya əlverişli coğrafi mövqeyi ilə yanaşı, milyonlarla ton qiymətləndirilən istifadə olunmamış mineral ehtiyatları - neft, təbii qaz, metallar və nadir torpaq elementləri ilə zəngindir. Litium, kobalt, qızıl, yaqut, nikel və mis də daxil olmaqla Qrenlandiyada böyük həcmdə mineral ehtiyatlar var. Bu ehtiyatlar regionu strateji cəhətdən daha cazibədar edir. Həmin ehtiyatların ümumi dəyəri 1 trilyon ABŞ dollarından 4 trilyon ABŞ dollarına qədər dəyişir. Lakin infrastrukturun olmaması, sərt iqlim, adanın uzaqlığı, yüksək əmək haqqı və sərt ekoloji qaydalar səbəbindən mədən sənayesi inkişaf etməyib, neft və qaz hasilatı qadağandır.
Tramp ilk dəfə dünyanın ən böyük adasını almaq istəyini 2019-cu ildə açıqlayıb. Lakin yenə Danimarka qətiyyətlə bundan imtina edib. İndi isə Amerika Prezidenti adanı istənilən qiymətə, o cümlədən NATO tərəfdaşları ilə münaqişəyə girmək bahasına olsa da, ələ keçirmək niyyətindədir. Donald Trampın niyə indi belə kəskin mövqe sərgiləməsini anlamaq avropalılar üçün çətindir. Çünki amerikalılar Qrenlandiyada bütün imkanlara sahibdirlər. Hazırda orada 200 Amerika əsgəri yerləşdirilib. Danimarka ilə 1951-ci ildə bağlanan müqavilə ABŞ-yə Kopenhagen hökumətinin təsdiqi şərtilə qoşun yerləşdirmək və bazalar idarə etmək hüququ verir. Avropanı narahat edən əsas məsələ ABŞ-nin Qrenlandiyanı Krımsayağı ələ keçirmə ehtimalıdır. Bu halda amerikalılar Danimarkanın razılığı olmadan adadakı hərbi kontingentlərini bir neçə min nəfərə qədər artıra və paytaxt Nuuku nəzarətə götürə bilərlər.
Xatırlatmaq lazım gəlir ki, 2014-cü ildə Krımda bir gecədə nişansız “yaşıl adamlar” peyda oldu və Simferopoldakı parlament binasının yaxınlığında və şəhərin əsas qovşaqlarında patrul xidməti göstərməyə başladılar. Ukrayna ordusu onlara qarşı durmaqda aciz idi. İndi eyni şey Qrenladiyada da mümkündür. Hazırda orada yerləşən 300 Danimarka əsgəri və Almaniya, Fransa, Böyük Britaniya, İsveçdən olan az sayda əsgər çətin ki, amerikalılara qarşı dura bilsin. Yenə 2014-cü ildə Krımda olduğu kimi Qrenlandiyada da referendum keçirilə bilər. Tramp artıq adanın Amerikaya çevriləcəyi təqdirdə hər bir Qrenlandiya sakininin 100 min dollar ala biləcəyinə işarə edib. 57 min əhalisi ilə bu, ABŞ-yə cəmi 5,7 milyard dollara başa gələcək. Dövlət büdcəsi trilyonlarla dollar olan bir ölkə üçün bu məbləğ olduqca cüzidir.
Hələlik ABŞ Avropanı iqtisadi cəhətdən sıxmaqla Qrenlandiyada istəyinə çatmağa can atır. Tramp fevralın 1-dən etibarən ABŞ-yə mal ixrac edən bir sıra Avropa ölkələrinə 10 faiz tarif tətbiq ediləcəyini və bu tarifin ABŞ tərəfindən Qrenlandiyanın tam satın alınması ilə bağlı müqavilə imzalanana qədər qüvvədə qalacağını açıqlayıb. O, sosial mediada yazıb ki, tarif Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyaya tətbiq olunacaq və bütün malları əhatə edəcək. 1 iyun tarixində isə tarif 25 faizə qədər artılacaq: “Biz illərdir Danimarkaya, bütün Avropa ittifaqı ölkələrinə, digər ölkələrə heç bir tarif və ya başqa bir kompensasiya tətbiq etmədən subsidiyalar vermişik. Əsrlər sonra, indi Danimarkanın geri ödəmə vaxtıdır”. Tramp həmçinin qeyd edib ki, bır sıra Avropa ölkələri “naməlum məqsədlərlə Qrenlandiyaya səfər ediblər və çox təhlükəli oyun oynayırlar, bu potensial təhlükəli vəziyyətə tez bir zamanda son qoymaq üçün güclü tədbirlər görülməlidir”. ABŞ Prezidenti bu bəyanatı Ağ Ev liderinin Qrenlandiyanı almaqla bağlı əvvəlki açıqlamalarından sonra Avropa ölkələrinin Qrenlandiyaya kiçik hərbi hissələr göndərməsindən cəmi iki gün sonra verib.
Hazırda Avropa Qrenlandiya məsələsinə görə ABŞ-yə qarşı səfərbər olub. Hətta Avropa Parlamenti Donald Trampın təhdidləri fonunda Aİ-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırıb. Amma Avropanın ABŞ təzyiqləri qarşısında nə qədər tab gətirəcəyi bilinmir. Məsələ hərbi müstəviyə daşınsa, durum Avropa üçün daha mürəkkəb olacaq. İstənilən halda görünən odur ki, Avropa-ABŞ münasibətlərində ciddi çat yaranıb və bu, beynəlxalq nizamın sarsılma prosesini daha da sürətləndirir. ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi halında beynəlxalq hüquq daha xaotik bir mərhələyə daxil olacaq və bu zaman yalnız güclülər ayaqda qala biləcək.
MTM Analitik Qrupu