Bank sektorunda dönüş: dolların payı azalmaqda davam edir

Bazar üzrə dedollarlaşma trendləri davam edir. 2025-ci il ərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi azalaraq 14.2% (tarixi minimum) olub. Təhlil.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq 35.6% təşkil edib.
Bundan başqa, məlumatda qeyd edilib ki, fiziki şəxslərin əmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir.
Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3.5 faiz bəndi azalaraq 31.4%, tələbli depozitləri üzrə isə 1.4 faiz bəndi azalaraq 31.6% olub.
“Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 faiz bəndi artaraq 57.2% təşkil edib.
Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 faiz bəndi azalaraq 32.7% olub”, - məlumatda vurğulanıb.