Genişlənən ticarət əlaqələri sülhə aparan yolu qısaldır - ŞƏRH

Ermənistanın işğalçı siyasəti səbəbindən Cənubi Qafqazda real vəziyyət uzun illər boyu qarşıdurma, gərginlik, qapalı sərhədlər və itirilmiş iqtisadi imkanlarla səciyyələnib. Münaqişə və ədavət mühiti region ölkələri arasında təkcə siyasi-diplomatik münasibətləri deyil, normal ticarət, nəqliyyat və iqtisadi əlaqələri də iflic vəziyyətinə salıb.
Tarixi təcrübədən məlumdur ki, hərbi toqquşmalardan sonra dayanıqlı sülh siyasi razılaşmalarla yanaşı, qarşılıqlı iqtisadi maraqların formalaşması, regional əməkdaşlığın qurulması və tərəflərə fayda gətirən çoxşaxəli əlaqələrin bərpası ilə möhkəmlənir. Bu kontekstdə son dövrlər Azərbaycan və Ermənistan arasında atılan praktik addımlar regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını göstərir.
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü iki ölkə arasında formalaşmaqda olan yeni və sivil münasibətlərin əyani təzahürüdür. Rəsmi məlumatlara görə, daşınması nəzərdə tutulan növbəti yüklərə 1000 ton “Aİ-92”, 1800 ton “Aİ-95” markalı benzin, 1000 ton dizel yanacağı daxildir. Xatırladaq ki, dekabrın 18-də 1300 ton “Aİ-95” markalı benzinlə yüklənən ilk qatar ölkəmizdən Ermənistana yola salınıb. Prosesin ardıcıl xarakter daşıması göstərir ki, söhbət artıq hansısa siyasi jestdən yox, düşünülmüş və məqsədyönlü ticarət əlaqələrinin qurulmasından gedir.
Rəsmi Bakı sülh gündəliyini yalnız danışıqlar masasında saxlamır və onu real iqtisadi münasibətlər müstəvisinə keçirir. Heç şübhəsiz, neft məhsullarının Ermənistana tədarükü sıradan ticarət əməliyyatı deyil. Enerji resursları istənilən ölkənin iqtisadi və sosial həyatında həlledici rol oynayır. Yanacağın sabit, əlçatan olması nəqliyyatdan tutmuş kənd təsərrüfatına, sənayedən gündəlik məişətə qədər bütün sahələrə təsir edir. Azərbaycanın Ermənistana yanacaq tədarükü faktiki olaraq qonşu ölkənin iqtisadi-siyasi sabitliyinə təsir edir və bu da sülh quruculuğu baxımından əhəmiyyətlidir. Bununla rəsmi Bakı Ermənistanda makroiqtisadi vəziyyətin sabitliyinə bilavasitə təsir rıçaqları da əldə etmiş olur.
Ermənistan vətəndaşları gündəlik həyatda və məişətdə bu əməkdaşlığın real faydasını hiss etdikcə, bu ölkədə münaqişə ritorikası da zəifləyir. İnsanlar sülhün mücərrəd anlayış yox, konkret fayda gətirən əməkdaşlıq və anlaşma olduğunu görürlər və radikal çağırışlar tədricən aradan qalxır.
Ermənistandakı radikal-revanşist müxalif qüvvələrin bu prosesi etirazla qarşılamaları isə qətiyyən təəccüb doğurmur. Bu qüvvələr uzun illər Azərbaycanafob təbliğat aparmaq və saxta düşmən obrazı yaratmaqla, cəmiyyəti qorxu, təlaş işərisində saxlamağa və məkrli iddialarını reallaşdırmağa çalışıblar. Ermənistanla Azərbaycan arasında sülhün real məzmun kəsb etməsi isə “Qarabağ kartı” üzərində hakimiyyətə gəlmək istəyən həmin qüvvələrin saxta iddialarını puça çıxarır. Azərbaycan üzərindən Ermənistana taxıl və neft məhsularının daşınması, genişlənən ticarət əlaqələri göstərir ki, tərəflər yekun sülh sazişinin imzalanmasının astanasındadırlar.
2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi layihəsi, imzalanmış Birgə Bəyannamə fonunda bu əməkdaşlıq xüsusilə diqqət çəkir. Yekun Sülh Sazişi tam imzalanma mərhələsinə çatmasa da, onun ruhuna uyğun həyata keçirilən praktiki addımlar qarşılıqlı etimadın real əsaslar üzərində qurulduğunu göstərir. Başqa sözlə, sülh sazişi siyasi çərçivə yaradırsa, iqtisadi əməkdaşlıq etimad və inamı dərinləşdirir.
Ticarət və tranzit kimi strateji sahədə maneələrin aradan qaldırılması Azərbaycanın dünyaya ünvanladığı açıq siyasi mesajdır: Rəsmi Bakı regionda münaqişə səhifəsinin birdəfəlik bağlanmasında maraqlıdır və bu istiqamətdə praktik addımlar atır. Bununla belə, prosesin dərinləşməsi üçün Ermənistanın da ciddi siyasi iradə nümayiş etdirməsi, konstruktv mövqe tutması, öhdəliklərinə əməl etməsi vacibdir.
İqtisadi əməkdaşlığın dərinləşməsi Ermənistanın uzun illər düşdüyü dalan vəziyyətindən çıxması üçün də real imkanlar yaradır. Regional layihələrdən kənarda qalmaq, qapalı sərhədlər və məhdud tranzit imkanları son 30 ildə bu ölkənin inkişaf perspektivlərini ciddi şəkildə məhdudlaşdırıb. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq Ermənistan üçün yeni bazarlara çıxış, nəqliyyat xərclərinin azalması və iqtisadi fəallığın artması deməkdir.
Rəsmi İrəvanın Azərbaycana müxtəlif mal və məhsullar satmaqda maraqlı olduğunu bəyan etməsi isə qarşılıqlı ticarətin gələcəkdə genişlənə biləcəyini göstərir. Ticarət balansı və qarşılıqlı maraqlar formalaşdıqca, sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası real perspektivə çevrilir. Bu isə regionda uzunmüddətli sabitliyin əsas sütunlarından biridir.
Ermənistana neft məhsullarının ardıcıl tədarükü Cənubi Qafqazda yeni münasibətlər modelinin formalaşdığını göstərir. Bu model qarşıdurma, təcrid deyil, əməkdaşlıq və inteqrasiya üzərində qurulub. Azərbaycan bu prosesdə təşəbbüskar mövqe tutaraq sübut edir ki, davamlı sülh yalnız real iqtisadi maraqlar və qarşılıqlı fayda əsasında mümkündür. Atılan addımlar regionun gələcəyinə dair nikbinlik yaradır, qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçidin nəinki mümkün, hətta qaçılmaz olduğunu göstərir.
MTM Analitik Qrupu