Metroda xətlərin ayrılması zamanı “28 May” işləyəcək, amma... - RƏSMİ

Xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” stansiyasının fəaliyyəti tam dayandırılmayacaq.
Təhlil.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib.
O bildirib ki, bu, xətlərin ayrılması layihəsi çərçivəsində Yaşıl xəttin "Dərnəgül"–"Nizami" stansiyaları arasında işləməsi deməkdir:
""28 May" öz fəaliyyətini davam etdirəcək. Sadəcə, Yaşıl xətdən istifadə edən sərnişinlər "28 May"a birbaşa gələ bilməyəcəklər, çünki "28 May–Nizami" arasında tunellərdə tikinti işləri aparılacaq. "Nizami" faktiki olaraq Yaşıl xəttin son stansiyası rolunda çıxış edəcək.
Şəhər nəqliyyatında xətlərin ayrılması zamanı müəyyən məhdudiyyətlər qaçılmazdır. Biz süni intellekt əsaslı rəqəmsal həllərlə sərnişinlərimizin gediş-gəliş məlumatlarını təhlil etmişik. "20 Yanvar", "Gənclik" və digər bütün stansiyalardan xətlərarası dəyişikliklərin analizi bizdə mövcuddur. AYNA ilə bu məlumatları paylaşmışıq və alternativ avtobus xətləri müəyyən olunacaq.
Qeyd edim ki, "Nizami" stansiyasına 3 dəqiqə intervalda gələn bir qatarda 1600-ə yaxın sərnişin daşınır. Onları "28 May"a transfer etmək üçün hər 3 dəqiqədən bir 20 avtobus lazım olardı ki, bu da həm texniki cəhətdən müşkül məsələdir, həm də şəhərin mərkəzində ciddi sıxlıq yarada bilər. Buna görə alternativ avtobus marşrutları ilə bu məsələnin tənzimlənməsi planlaşdırılır. AYNA ilə əməkdaşlıq şəraitində bu barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək".
Onun sözlərinə görə, “Həzi Aslanov-2” stansiyası konseptual planda Y-17 şərti adı ilə nəzərdə tutulub:
""Həzi Aslanov-2" bizim konseptual planda Y-17 şərti adı ilə adlandırılan stansiyadır. Həmin stansiya müstəqil işləməyəcək — "Xətai" stansiyasına birləşməlidir və bunun üçün növbəti üç stansiya ilə tunellərin tikilməsi zəruridir. Hazırlanmış yeni tender paketinə həmin stansiya da daxildir. Önümüzdəki ildən aktiv tikinti işlərinə başlanılacaq və 2030-cu ilə qədər istifadəyə veriləcək".