Bu gün

ABŞ-nin nümayəndə heyəti TRİPP üçün Ermənistana səfər edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə işlərin gedişatını müzakirə etmək üçün Ermənistana gəlmiş Amerika Birləşmiş Ştatları nümayəndə heyətini qəbul edib.

Təhlil.az xəbər verir ki, Ermənistan hökumətinin açıqlamasına əsasən, ABŞ nümayəndə heyətinin tərkibində Dövlət Departamenti və Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələri yer alıblar.

Qriqoryan Ermənistan hökuməti adından ABŞ hakimiyyət orqanlarına 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilmiş sülh zirvə-görüşünün təşkilinə görə təşəkkür edib və sammitin mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər TRIPP layihəsinin icrası ilə bağlı bir sıra operativ-hüquqi məsələləri müzakirə edib və razılaşdırıblar.