Dünən

Azərbaycan dini müxtəlifliyi institusional səviyyədə dəstəkləyir - TƏHLİL

Azərbaycan Respublikasında dini qurumlara dövlət tərəfindən maliyyə yardımı göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı son sərəncam sosial-maliyyə xarakterli addım olmaqla yanaşı, ölkənin dövlət-din münasibətləri modelinin, multikultural siyasətinin və təhlükəsizlik strategiyasının növbəti konseptual təzahürüdür. 2026-cı il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan ayrılan və müxtəlif dini konfessiyaları əhatə edən bu vəsaitlər Azərbaycanın dünyəvi dövlət prinsiplərinə sadiqliyini qorumaqla dini müxtəlifliyi institusional səviyyədə dəstəklədiyini göstərir.

Sərəncama əsasən Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılacaq. Bu bölgü bir tərəfdən ölkədə müsəlman əhalinin say üstünlüyünü və dini infrastrukturun miqyasını nəzərə alır, digər tərəfdən isə saydan asılı olmayaraq bütün konfessiyaların dövlət tərəfindən bərabər hüquqlu tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir. Xüsusilə yəhudi icmalarının üç ayrı dini struktur şəklində ayrıca maliyyələşdirilməsi, Azərbaycanın dini-etnik müxtəlifliyə formal deyil, incə və detallı yanaşdığını göstərir.

Bu qərar bəzən yanlış olaraq “dövlətin dinə müdaxiləsi” kimi şərh edilə bilər. Halbuki Azərbaycan modeli dünyəviliyi dinin ictimai həyatdan sıxışdırılması kimi deyil, dini fəaliyyətin hüquqi və institusional çərçivədə tənzimlənməsi kimi qəbul edir. Belə ki, dövlətin maliyyə dəstəyi dini icmaların xarici, qeyri-şəffaf maliyyə mənbələrindən asılılığını azaldır, radikal və destruktiv ideoloji təsirlərin qarşısını alır, həmçinin dini fəaliyyətin siyasi manipulyasiya alətinə çevrilməsini məhdudlaşdırır. Bu baxımdan ayrılan vəsaitlər təkcə dəstək deyil, eyni zamanda profilaktik təhlükəsizlik mexanizmi kimi də çıxış edir. Buradan da görünür ki, Azərbaycanın multikulturalizm siyasəti artıq real idarəçilik alətinə çevrilib. Dini qurumların büdcədən maliyyələşdirilməsi isə artıq multikulturalizmin konstitusion prinsip kimi möhkəmləndiyini, dini azlıqların hüquqlarının yalnız hüquqi deyil, həm də maddi-institusional zəmanət altına alındığını göstərir. Bu model xüsusilə Yaxın Şərqdə, Qafqazda və Avropanın bir sıra ölkələrində dinin ya siyasi alətə çevrildiyi, ya da cəmiyyətlə qarşı-qarşıya qoyulduğu bir dövrdə xüsusilə fərqlənir. Digər tərəfdən Azərbaycan müsəlman ölkəsi olaraq xristian və yəhudi icmalarını açıq şəkildə maliyyələşdirir, dini dözümlülüyü praktik siyasət səviyyəsinə qaldırır,
Qərb və Şərq arasında mədəni sivilizasiya körpüsü rolunu möhkəmləndirir. Bu, xüsusilə antisemitizm, islamofobiya və dini ayrı-seçkiliyin artdığı qlobal şəraitdə Azərbaycanın alternativ model kimi təqdim olunmasına imkan yaradır. Ona görə də Prezident İlham Əliyevin imzaladığı bu sərəncam qısa müddətli maliyyə qərarı deyil, uzunmüddətli ictimai sabitlik, dini harmoniya və milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Dövlətin dini qurumlarla münasibətdə seçdiyi bu balanslı yol Azərbaycanın özünəməxsus idarəçilik modelinin mühüm elementidir. Bu model göstərir ki, Azərbaycanda din nə siyasətin alətidir, nə də dövlət üçün risk faktorudur, əksinə, düzgün tənzimləndikdə ictimai birliyin və mənəvi sabitliyin dayaqlarından biridir.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?