Gürcüstanla Aİ arasında münasibətlər gərginləşir - Müxalifət hərəkətə keçir - ŞƏRH

Bir müddətdir Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşməyə doğru gedir. İttifaq bu yaxınlarda Gürcüstanla sərbəst viza məsələsinə yenidən baxılacağını, mümkün ləğvi ilə bağlı prosedurları nəzərdən keçirəcəyini bildirib. Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin Tbilisiyə səfəri zamanı müxalifəti dəstəkləməsi də gürcü hökuməti tərəfindən birmənalı qarşılanmadı. Hətta avropalı sədrə cərimə də tətbiq edildi. Maraqlıdır ki, bu cərimə ödənildikdən sonra yeni diplomatik oyunlara start verilib. Almaniya Xarici İşlər Nazirliyi öz səfiri Peter Fişeri Tbilisidən geri çağırıb. Almaniya rəhbərliyinin fikrincə, buna səbəb Gürcüstan hakimiyyəti tərəfindən Aİ-yə, Almaniyaya və şəxsən səfir Fişerə qarşı nifrətin qızışdırılmasıdır. Fişer Gürcüstanda fəaliyyət göstərdiyi müddət ərzində bu ölkənin daxili işlərinə aktiv şəkildə müdaxilə edib. O, mütəmadi olaraq hakim partiyanı tənqid edib, müxalifətin etirazlarını açıq şəkildə dəstəkləyib, hətta ölkəsini Gürcüstanla münasibətlərə yenidən baxmağa çağırıb.
Qərb kuratorları Gürcüstan hakimiyyətindən “demokratiya” və “azadlıq” tələb edir, lakin eyni zamanda fərqli fikirlərə və milli maraqları qorumaq cəhdlərinə dözmürlər. Bununla belə, Tiflis öz suverenliyinin bədəlini ödəməyə hazır olduğunu nümayiş etdirir, kiminsə geosiyasi oyunlarında oyuncaq olmaqdan imtina edir. Aİ Xarici Əlaqələr Şurası məsələyə oktyabrın 20-də baxıb və çox güman ki, yeni təzyiq cəhdlərinə başlayacaq.
Qərbin bu oyunlarından ürəklənən Gürcüstan müxalifəti də müəyyən addımlar atmaq qərarına gəlib. “Qaxariya - Gürcüstan naminə” müxalifət partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya bəyanat yayaraq, seçki boykotunu səhv kimi qəbul edib və siyasi proseslərə qayıtmaq arzusunu ifadə edib. Onun partiyası, digər müxalifət hərəkatlarından fərqli olaraq, əvvəlcə imtina etdiyi 12 deputat mandatını qoruyub saxladı, seçki siyahılarını geri götürmədi. Gürcüstanda mövcud siyasi vəziyyətdə müxalifətin “kütlənin iradəsi” ilə deyil, qanuna uyğun olaraq ictimai-siyasi həyatda iştirak etməkdən başqa yolu yoxdur. “Dinc inqilab” mərcəsinin növbəti dəfə iflasa uğradığının dərk edilməsi gürcü müxalifətçilərini hakimiyyət orqanlarında öz təsirlərini genişləndirmək üçün bütün imkanlardan istifadə etməyə məcbur edir. Lakin Gürcüstanın indiki hakimiyyəti onlara bunu etməyə imkan verir, birbaşa eyham vurur ki, onlar xaricdən gələn yardım və təzyiqlərə deyil, ölkə daxilindəki qüvvələrə və hərəkətlərə bel bağlamalı olacaqlar.
Müxalifət isə çıxış yolunu etiraz aksiyalarında görür. Amma ortada bir reallıq var: bir vaxtlar minlərlə etirazçıdan indi yalnız dağınıq qruplar meydana çıxmaqda davam edir. Ötən həftə sonu müxalifət tərəfdarları yenidən Rustaveli prospektinə çıxaraq parlament binası yaxınlığındakı yolu bağlamağa cəhd ediblər. Etiraz çox çəkmədi — Daxili İşlər Nazirliyinin xəbərdarlığından sonra etirazçılar yolun hərəkət hissəsini boşaldıb səkiyə keçiblər. Polis sakit davranıb, lakin xatırladıb ki, asayişi pozmaq indi ciddi həbs cəzası ilə nəticələnir. Bununla belə, bəzi həbslər olub. Daxili İşlər Nazirliyi yol kəsilməsində iştirak edən 14 nəfərə qarşı sanksiya tətbiq edildiyini bildirib. Onların arasında Gürcüstanın müxalifət telekanallarından birinin jurnalisti də olub. Etirazlar koordinasiyanı itirir. Nümayişçilərin ümumi məqsədi, təşkilatçıları və kütləvi iştirakı yoxdur. İllər boyu insanları nəticələrə görə cavabdehlik daşımadan qanunları pozmağa təşviq edən Qərb QHT-lərinin irsindən ruhlanan yalnız təcrid olunmuş qruplar qalır. Lakin Gürcüstan hakimiyyəti etirazları dağıtmır, sadəcə nəticələri barədə xəbərdarlıq edir. Köhnə “nəzarət altında inqilablar” ssenarilərini oynamağa davam edənlər isə hökuməti yox, öz azadlıqlarını sarsıtmaq riskini daşıyırlar.
Hikmət Həsənov