Gürcüstan Aİ-yə meydan oxudu: “Viza təhdidləri bizi qorxuda bilməz!”

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) vizasız gediş-gəlişin dayandırılması ilə bağlı təhdidlərinə sərt reaksiya verib.
Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, bu təhdidlər Gürcüstanı qorxutmayacaq, çünki “ölkənin sabitliyi və təhlükəsizliyi təhlükə altındadır”:
“Ölkəmizin və övladlarımızın gələcəyi təhlükə altında olduğu halda, heç kim bizi vizasız gediş-gəlişi dayandırmaqla hədələyə bilməz.”
Boçorişvili əlavə edib ki, Aİ-nin diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırmaq qərarının heç bir hüquqi əsası yoxdur və bu, açıq şəkildə “siyasi motivli addımdır”.
Nazir qeyd edib ki, Brüssel viza rejimindən Tiflisə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır, lakin bu məsələdə Aİ daxilində yekdil mövqe yoxdur:
“Aİ vizasız səyahəti şantaj vasitəsinə çevirməyə hazır deyil, baxmayaraq ki, bəziləri hələ də təzyiq göstərmək yollarını axtarırlar.”
Gürcüstan rəsmisinin bu bəyanatı Avropa İttifaqı ilə Tiflis arasında son dövrlərdə artan siyasi gərginlik fonunda səsləndirilib.