Bu gün

Kipr seçkiləri bölgənin siyasi tarazlığını dəyişə bilər - ŞƏRH

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkiləri bölgənin siyasi tarazlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Seçkilərdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib. Onun qələbəsi Şimali Kipr Türk Cümhuriyyətinin gələcək inkişaf istiqaməti, Türkiyə ilə münasibətlərin xarakteri və adada federasiya məsələsinin yenidən gündəmə gəlməsi baxımından ciddi müzakirələr doğurub.

Tufan Erhürman sosial-demokrat yönümlü, federasiyaya əsaslanan həll modelini müdafiə edən siyasətçidir. O, uzun illərdir Kipr türklərinin beynəlxalq təcriddən çıxış yolunu BMT çərçivəsində iki icmalı federasiya modeli kimi görür. Onun seçki platformasının əsas ideyası da bu prinsip üzərində qurulub. Erhürman bildirib ki, “Biz Kipr türklərinin səsini dünyaya çatdıracaq, təcridi diplomatiya yolu ilə qıracağıq”.

Erhürmanın qalibiyyəti həm Şimali Kipr Türk Cümhuriyyətindəki daxili siyasi dinamikalara, həm də Türkiyə-Kipr münasibətlərinə təsir göstərəcək yeni mərhələnin başlanğıcı hesab olunur. Çünki o, Rauf Denktaş və Ersin Tatar kimi “iki dövlətli həll” tərəfdarı liderlərdən fərqli olaraq Ankara ilə münasibətlərdə daha müstəqil siyasət yürütmək niyyətindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən dərhal sonra Tufan Erhürmanı təbrik edərək bəyan edib:

“Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.

Bu açıqlama bir tərəfdən Erhürmana diplomatik legitimlik qazandırmaq məqsədi daşıyır, digər tərəfdən Ankara-Lefkoşa münasibətlərinin davamlılığını vurğulayır. Lakin bəyanatın tonunda Ankaranın Kipr türklərinin iradəsinə hörmətlə yanaşdığı, amma eyni zamanda “suverenlik və maraqlar” məsələsində öz qırmızı xətlərini qoruduğu hiss olunur.

MHP sədri Dövlət Baxçalı isə seçkilərin nəticələrinə kəskin reaksiya verərək onların qəbul edilməməsini tələb edib. O deyib:

“Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Parlament dərhal toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıdışın qəbuledilməz olduğunu bəyan etməlidir.”

Baxçalı hətta Şimali Kiprin Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olması fikrini gündəmə gətirib. Bu isə Türkiyədəki siyasi spektrdə dərin ideoloji fərqlərin mövcudluğunu bir daha ortaya qoyur. Belə ki, AKP rəhbərliyi diplomatik status-kvonu qorumağa çalışdığı halda, MHP “bir dövlət, bir bayraq” ideyasını açıq şəkildə müdafiə edir.

Seçici fəallığının aşağı olması Erhürmanın qələbəsini legitimlik baxımından mübahisəli vəziyyətə salır. Cəmiyyətin bir hissəsi Türkiyəyə daha sıx inteqrasiyanı, digər hissəsi isə beynəlxalq legitimlik və federasiya modelini dəstəkləyir. Bu ikili yanaşma Şimali Kipr siyasətində “Ankaraya yaxın olanlar” və “Brüsseldə tanınmaq istəyənlər” arasında uzun illərdir davam edən gərginliyi yenidən gündəmə gətirib.

Ona görə də bu seçkilər sadəcə daxili siyasi hadisə deyil, eyni zamanda Şərqi Aralıq dənizində enerji və təhlükəsizlik balansına da təsir edir. Yunanıstan və Cənubi Kipr Erhürmanın qələbəsini ehtiyatla, amma müsbət tonla qarşılayıblar. Onlar bu nəticəni dialoqa qayıdışın mümkün siqnalı kimi dəyərləndirirlər.

Türkiyə üçünsə əsas məsələ Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması prosesini dayandırmamaq və adada türk icmasının hüquqlarını qorumaqdır. Bu vəziyyət gələcəkdə Kipr məsələsinin Türkiyə daxilində yeni ideoloji mübarizə meydanına çevriləcəyi ehtimalını artırır.

Erhürman Ankara ilə ziddiyyətə getmədən, daha balanslı diplomatiya qura bilsə, Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq səhnədə yeni imic formalaşdıra bilər. Əks halda, adadakı parçalanma həm daxili, həm də geosiyasi baxımdan yeni gərginlik dalğası yarada bilər.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?