Yollarda səhlənkarlıq ölümlə bitir: məsuliyyət kimdədir? - ARAŞDIRMA

Azərbaycanda piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin miqyası ciddi narahatlıq doğurur. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatları vəziyyətin nə qədər gərgin olduğunu göstərir:
Təkcə cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib.
Bu rəqəmlər Bakı kimi sıx şəhər mühitində yol hərəkəti təhlükəsizliyi məsələsində əsas problemin məhz piyada qəzaları olduğunu göstərir.
Statistik rəqəmlərin arxasında isə ailələrin faciəsi dayanır. İçkili sürücülər, məsuliyyətsiz piyadalar xüsusən də son dövrlərdə ölümlə nəticələnən hadisələrin artmasında mühüm rol oynayır.
Təəssüf ki, hər birimizin çevrəsində belə faciəli hadisələrlə qarşılaşanlar var. Məsələn, yaxın bir insanın içkili sürücünün səbəb olduğu yol-nəqliyyat hadisəsindən sonra ağır bədən xəsarətləri alması və hətta aradan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də həyat riskinin olması bu məsuliyyətsizliyin dəhşətli nəticələrini göstərir. Bu hadisələr yol hərəkəti qaydalarını pozanların, xüsusən də sükan arxasında sərxoş vəziyyətdə oturanların cinayət məsuliyyətini və insan həyatına qarşı laqeydliyini bir daha gözlər önünə gətirir.
Azərbaycan qanunvericiliyi piyadaların qayda pozuntusuna görə inzibati məsuliyyətini nəzərdə tutsa da, praktikada sürücünün üzərinə daha çox məsuliyyət düşür. Bu da bəzi piyadalar tərəfindən məsuliyyətsiz davranışlara gətirib çıxarır:
Məsuliyyətsiz piyadalar: Piyada keçidi olduğu halda belə, bir çox piyada yolun hərəkət hissəsini yerüstü keçidin altından və ya yeraltı keçidin üstündən keçməklə qaydaları kobud şəkildə pozur.
İnfrastruktur problemi: Şəhərin bəzi yerlərində yeraltı keçid olduğu halda, yaxın məsafədə piyada zolaqlarının salınması yollarda əlavə ləngimələrə səbəb olur və hərəkət intensivliyini azaldır.
Helsinki nümunəsi
Beynəlxalq təcrübə, sərt qanunvericiliyin həyati əhəmiyyətini göstərir. Finlandiyanın paytaxtı Helsinki ötən il ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına görə Avropa paytaxtları arasında ilk sıradadır, çünki şəhərin küçələrində yol qəzaları nəticəsində heç bir ölüm faktı qeydə alınmayıb (sonuncu hadisə 2023-cü ilin iyulunda olub). Bu göstərici Osloda 4, Berlində 55, Romada isə 154 olduğu halda, Helsinki yeni təhlükəsizlik standartı müəyyən edib.
Bədbəxt hadisələrin qarşısının alınmasının yolları
Azərbaycanda yol-nəqliyyat hadisələrinin azalmasına nail olmaq üçün Helsinki nümunəsinə uyğun kompleks tədbirlər və qanunvericiliyin kəskin sərtləşdirilməsi zəruridir:
İçkili sürücülərə sərt cəzalar: İçkili halda nəqliyyat vasitəsinin idarə edilməsində ən sərt cəzaların, yüksək məbləğli cərimələrin və hətta ömürlük sürücülük vəsiqəsinin ləğv edilməsi tətbiq olunmalıdır.
Sürücülük mədəniyyətinin tətbiqi: Sürücülük mədəniyyəti də yol –nəqliyyat hadisələrində önəmli rol oynayır. Mədəniyyətsiz sürücülərin təhlükəli nəqliyyat idarə etmələri və qayda pozuntuları da bədbəxt hadisələrə gətirib çıxarır. Nəzərə alsaq ki, bir çox avtomobillərdə videoqeydiyyatçı cihazın olması və belə sürücülərin qayda pozuntularını əks etdirən videoları DYP-nin watsapp nömrələrinə göndərməkdə çəkinməməkləri vacibdir. Belə olan halda mədəniyyətsiz sürücülərdə getdikcə məsuliyyətin artmasına töhfə veriləcəkdir.
Piyadaların məsuliyyətinin artırılması: Qayda pozan piyadalara da yüksək məbləğli cərimələrin tətbiqi sayəsində yol hərəkəti iştirakçısı kimi məsuliyyət hissi artırılmalıdır.
Hüquqi təcrübənin dəyişməsi: Piyadanın səhvi hadisəyə birbaşa səbəb olarsa, istintaqın sürücünün günahı olmadığı hallarda məsuliyyətdən azad edilməsi praktikası gücləndirilməlidir.
Maarifləndirmənin daha da çoxalması: Davamlı olaraq məktəblərdə, universitetlərdə yol hərəkəti qaydaları, piyada məsuliyyəti mövzusunda söhbətlər keçirilməlidir.
Keçidlərdə yaşlı və əlillər üçün rahat keçidin təmin edilməsi: Bəzi yeraltı və yerüstü keçidlərdə lift və eskalatorların olmaması, bəzilərində isə olsa belə, işləməməsi yaşlı və əlil insanlarda keçiddən istifadəni mümkünsüz edir. Buna görə keçidlərdə hərəkət məhdudiyyətli insanlar üçün lazımı şəraitlər yaradılmalıdır.
Yük maşınlarının yalnız sağ zolaqla hərəkət etmələri: Bir çox hallarda gördüyüm mənzərə onu göstərir ki, surətli yollarda belə yük maşınları yolun orta və ya sol sırasında surət həddindən aşağı, bəzən isə surətlə hərəkət edir. Hər iki hal qəbuledilməzdir. Ümumiyyətlə bəzi ölkələrdə gördüyüm təcrübəyə əsasən, yük maşınları yalnız sağ zolaqla nəzərdə tutulmuş surət həddi ilə hərəkət edir. Nəzərə alsaq ki, yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisələri az sayda baş vermir, bunu da sərt cəzalarla tənzimləmək olar.
Bu sərtləşdirmələr yol-nəqliyyat hadisələrinin azalmasına və cəmiyyətin həyat təhlükəsizliyinin artırılmasına ciddi töhfə verəcəkdir. İnsan həyatı ilə oynamağın heç bir tolerantlıq məqamı yoxdur.
TƏHLİL ANALİTİK QRUPU