Tramp Çinə xəbərdarlıq etdi: “Razılıq olmazsa, 155 faiz tarif tətbiq olunacaq”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Vaşinqton və Pekin razılığa gəlməsə, Çin mallarına noyabrın 1-dən etibarən 155 faiz tarif tətbiq ediləcək.
Təhlil.az xəbər verir ki, o, həmçinin ABŞ-nin Çinə təyyarə hissələrinin tədarükünü dayandıra biləcəyini bildirib:
“Biz hissələrin daşınmasını dayandıra bilərdik. Onlar təhdidlərə başlayanda, biz artıq göndərişləri məhdudlaşdırmışdıq”.
Tramp əlavə edib ki, Çin ABŞ-ni nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaqla təhdid edir, Vaşinqton isə buna cavab olaraq Çin mallarına yüksək idxal rüsumlarını saxlamaqla və digər iqtisadi tədbirlərlə cavab verəcək:
“Mən onları təkcə tariflərlə deyil, təyyarələr kimi bir çox başqa vasitələrlə də təzyiq altında saxlaya bilərəm”.
ABŞ lideri ümid etdiyini də bildirib ki, Koreyada keçiriləcək APEC sammitində Çin Prezidenti Si Cinpinlə görüş zamanı ədalətli ticarət razılaşmasının şərtlərini müzakirə edə biləcək.
Tramp həmçinin Çinə rəsmi səfərinin 2026-cı ilin əvvəlində planlaşdırıldığını açıqlayıb.