BDYPİ piyadalara müraciət etdi - XƏBƏRDARLIQ

Dəfələrlə edilən xəbərdarlıqlara və maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi piyadalar hələ də yol hərəkəti qaydalarına etinasız yanaşaraq özlərini və digər hərəkət iştirakçılarını təhlükə altına atırlar.
Təhlil.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı müraciətdə bildirilib.
Qeyd olunur ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək və yaxın məsafədən keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
“Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil. Piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur”, — deyə idarənin açıqlamasında vurğulanır.
BDYPİ-nin məlumatına görə, bəzən piyadalar piyada keçidinə cəmi bir neçə addımlıq məsafədə olsalar da, qaydanı pozaraq yolu istənilən nöqtədən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən sürücülər üçün əlavə təhlükə yaradır.
Yol polisi bir daha xatırladır ki, piyadalar yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, işıqforla tənzimlənən yerlərdə siqnalın tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və yalnız avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidirlər.
BDYPİ vətəndaşları bir daha öz həyatlarını təhlükəyə atmamağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.