Azərbaycan və Türkiyəyə qarşı sanksiya çağırışlarının arxasında kimlər dayanır? - ARAŞDIRMA

Son dövrlərdə ABŞ Konqresində Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş qanun layihələri və əlavələrin gündəmə gətirilməsi diqqət mərkəzindədir. Bu təşəbbüslərin arxasında, əsasən, güclü erməni lobbi təşkilatları, xüsusilə də Amerika Erməni Milli Komitəsi (ANCA) dayanır. Konqresmen Bred Şermanın irəli sürdüyü və ANCA tərəfindən maliyyələşdirilən son dəyişikliklər buna əyani sübutdur. Şermanın təklifi Türkiyə və Azərbaycana ABŞ dəstəyinin dayandırılmasını, bu ölkələrə qarşı sanksiyaların tətbiqini və Azərbaycanın hərbi yardımdan məhrum edilməsini nəzərdə tutur.
Bu cür addımlar beynəlxalq münasibətlər kontekstində lobbiçilik fəaliyyətlərinin necə işlədiyini açıq şəkildə göstərir. Erməni lobbiçiləri, o cümlədən Frank Pallone, Bred Şerman və Robert Kennedi kimi siyasi fiqurlar ANCA-nın hazırladığı strateji plan əsasında hərəkət edirlər. Bu planın əsas tezisləri “erməni əsirlərin azad edilməsi” və “ermənilərin Qarabağa qayıdışı” mövzuları ətrafında qurulub.
Erməni lobbisi tez-tez “erməni əsirləri” məsələsini qabardaraq, beynəlxalq ictimai rəydə Azərbaycana qarşı mənfi imic formalaşdırmağa çalışır. Lakin onların “hərbi əsir” statusu beynəlxalq hüquq baxımından mübahisəlidir. Çünki bu şəxslərin əksəriyyəti Birinci və İkinci Qarabağ müharibələri zamanı mülki əhaliyə qarşı cinayətlər törətmiş və ya müharibədən sonra Azərbaycan ərazisində terror və təxribat fəaliyyəti ilə məşğul olmuş şəxslərdir. Bunu təsdiqləyən çoxsaylı foto və videogörüntülər mövcuddur. Məsələn, Araik Arutyunyanın Gəncə şəhərinin bombalanmasının onun əmri ilə həyata keçirildiyini etiraf etdiyi video sübutlardan biridir. Belə şəxslər hərbi əməliyyatlar bitdikdən sonra həbs olunub və Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb ediliblər. Buna baxmayaraq, erməni lobbiçilərinin bu məsələdəki mövqeyi, əslində, cinayətkarların azad edilməsindən başqa bir şey deyil.
ABŞ-də lobbiçilik fəaliyyətlərinin doğurduğu suallar yalnız Azərbaycanla bağlı deyil. Məsələn, senator Bob Menendez və həyat yoldaşının korrupsiya və qeyri-qanuni lobbiçilik ittihamları ilə həbs olunması, bu sahədə fəaliyyətlərin nə qədər riskli və həssas olduğunu bir daha ortaya qoydu. Menendezin xarici hökumətlər və şəxslər üçün qanunsuz lobbiçilik fəaliyyəti iddiaları, ABŞ siyasətində bəzi lobbi qruplarının təsir gücünü və bəzən bu təsirin qanuni çərçivələri aşdığını sübut etdi.
Bəzi tənqidçilər Menendezin fəaliyyətindəki qanunsuz elementlərlə erməni lobbisinin fəaliyyətini müqayisə edərək, ANCA tərəfindən maliyyələşdirilən siyasətçilərə qarşı da oxşar araşdırmalar aparılmasına çağırış edirlər. Bu hallar lobbiçiliyin bəzən qeyri-etik və qanunsuz yollara yönəldiyini göstərir. Qeyd etmək lazımdır ki, Bob Menendez özü də erməni lobbisinin əsas dəstəkçilərindən biri olub.
Digər nümunə isə ABŞ prezidentliyinə namizəd olmuş Vivek Ramasvamidir. O, 10 oktyabr 2023-cü ildə Taker Karlsona verdiyi müsahibədə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə xüsusilə Gəncə və Bərdəyə kaset başlıqlı raketlərlə hücum edilməsini əks etdirən görüntüləri təhrif edərək, bu ərazilərin guya Ermənistana aid olduğunu və Azərbaycan tərəfindən atəşə tutulduğunu iddia etmişdi. Bu fakt erməni lobbiçilərinin maraqlarını qorumaq üçün məlumat manipulyasiyasına necə əl atdıqlarının bariz nümunəsidir.
Nəticə olaraq, ABŞ-də erməni lobbisinin fəaliyyəti Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş siyasi təşəbbüslərin arxasında duran əsas hərəkətverici qüvvədir. Bu fəaliyyətlər “əsirlərin azad edilməsi” kimi humanist görsənən şüarlarla pərdələnsə də, əslində, cinayətkarların cəzasız qalmasına və Azərbaycanın daxili işlərinə müdaxiləyə hesablanıb. Bob Menendez kimi siyasətçilərin korrupsiya qalmaqalları isə lobbiçiliyin təhlükəli tərəflərini və bu sahədə daha ciddi nəzarətin vacibliyini göstərir.
Azadxan Axundov