Bu gün

Rəsmi İrəvan sülh prosesinin dönməzliyini etiraf edir - MƏQALƏ

Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında Azərbaycanla sülhün daha da institutlaşdırılması prosesinə sadiqliyini bəyan etməsi, eləcə də “Trampın sülh və rifah marşrutu”nun – TRIPP-in (Zəngəzur dəhlizi) qısa zamanda reallaşdırılacağı ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda ikitərəfli və çoxşaxəli əməkdaşlıq mərhələsinin başlandığını deməyə əsas verir.

Bu açıqlama, ilk növbədə, Ermənistanın sülh yolundan geri çəkilməsinin mümkünsüzlüyünün, geriyə atılacaq hər hansı addımın ölkəni çıxılmaz böhrana sürükləyəcəyinin etirafıdır. Ermənistan baş naziri ABŞ Prezidenti Donald Trampın 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşünə dair paylaşımına münasibət bildirərkən, sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində birgə işləməyə hazır olduğunu vurğulayıb.

İkinci Qarabağ müharibəsindən sonra konstruktiv danışıqlara mane olan və müxtəlif bəhanələrlə kommunikasiyaların açılmasına qarşı çıxan Ermənistan hazırda bunun yanlış olduğunu açıq şəkildə etiraf edir və ictimai rəyi sülhə hazırlamağa çalışır. 8 avqust Vaşinqton razılaşmalarından sonra beynəlxalq təşkilatlar və dövlətlər bəyan ediblər ki, Cənubi Qafqazda sülh və sabitlik prosesi dönməz xarakter alıb və heç bir ölkə buna mane ola bilməz. Paşinyanın açıqlamaları da bu reallığın etirafıdır.

Sülhün institutlaşdırılması sadəcə atəşkəs və ya yekun sazişin paraflanması ilə məhdudlaşmır. Paşinyanın son bəyanatları Ermənistanın daxili siyasi-hüquqi mühitində ciddi dəyişikliklərin gözlənildiyinə işarədir. O, gələn il konstitusiyanın referendumla dəyişəcəyinə və bununla da Azərbaycanın sonuncu şərtinin yerinə yetiriləcəyinə inanır.

Hazırkı Ermənistan konstitusiyasının preambulası revanşizmi və qonşulara qarşı ərazi iddialarını “tətikləyir”. Paşinyan isə artıq ictimai rəyin hökumətə dəstək verdiyini bildirir. Beləliklə, konstitusiya dəyişikliyi həm siyasi elitanın, həm də erməni cəmiyyətinin maraqlarına cavab verir.

Bu dəyişiklik Ermənistanın 35 ildən sonra qonşulara qarşı ərazi iddialarından rəsmən imtina etməsi və sülh prosesinin geri dönməzliyinin təsdiqi olacaq.

Paşinyanın TRIPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları da mühüm siqnaldır. İllərlə bu layihəyə qarşı çıxan Ermənistan indi onun iqtisadi və regional əhəmiyyətini qəbul edir. Azərbaycanın mövqeyi isə dəyişməzdir: ölkənin qərb rayonlarından Naxçıvana maneəsiz keçid təmin edilməlidir. Vaşinqton razılaşması göstərdi ki, bu tələb nə Ermənistanın suverenliyinə, nə də ərazi bütövlüyünə ziddir. Beynəlxalq praktika da bunu təsdiqləyir – Litva ərazisindən keçən Kalininqrad yolunda olduğu kimi.

Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də Türkiyə, Rusiya, Çin, ABŞ və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz Orta Dəhlizin inkişafında mühüm həlqədir və qlobal iqtisadi maraqlara xidmət edir.

TRIPP-in açılması Ermənistan üçün də iqtisadi imkanlar yaradacaq. Tranzit gəlirlər, nəqliyyat infrastrukturunun inkişafı, yeni iş yerləri və region dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi ölkənin iqtisadi dayanıqlığını artıracaq. Bundan başqa, Ermənistanın Rusiya bazarından asılılığı qismən azalacaq və xarici siyasət kursu daha çevik olacaq.

Rəsmi Bakı hər zaman regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlıq modelini təklif edib. Ermənistanın gec də olsa sülh yolunu seçməsi regional maraqların uzlaşmasına və yeni layihələrin reallaşmasına şərait yaradır.

Buna baxmayaraq, Ermənistanın qarşısında daxili revanşist qüvvələr və xarici müdaxilələr kimi maneələr qalmaqdadır. Paşinyanın son açıqlaması isə göstərir ki, sülh yoluna alternativ yoxdur. Ermənistanın geriyə dönüşü iqtisadi və siyasi intihar olardı.

MTM Analitik Qrupu 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?