Bu gün

Britaniyalı ekspert: “London-Bakı tərəfdaşlığı ən yüksək səviyyəli etimadın göstəricisidir” - RƏY

Londonla Bakı arasında imzalanmış strateji tərəfdaşlıq sazişi tərəflər arasında ən yüksək səviyyəli etimadı nümayiş etdirir.

Bunu təhlil.az saytına britaniyalı jurnalist, prodüser, siyasi ekspert və BBC-nin keçmiş baş redaktoru (MDB məkanı üzrə) Yuri Qoliqorski açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, strateji tərəfdaşlıq o deməkdir ki, siyasi, iqtisadi və müdafiə xarakterli bütün məsələlər lazımsız bürokratiya olmadan, operativ şəkildə həll olunur:

“Strateji tərəfdaşlıq odur ki, tərəflər bir-birinə zəng edib razılaşır və məsələ dərhal həll olunur. Uzun danışıqlara, bürokratik prosedurlara ehtiyac yoxdur. Hər şey sürətli və effektiv baş verir”.

O bildirib ki, Böyük Britaniyada hakimiyyətdə hansı partiyanın, yəni leyboristlərin, mühafizəkarların və ya digər siyasi qüvvələrin olmasından asılı olmayaraq, ölkənin Azərbaycanla münasibətləri dəyişməz qalacaq:

“Əksinə, münasibətlər yalnız daha da möhkəmlənəcək. Çünki London hər zaman Bakı ilə isti əlaqələr qurmağa və onları inkişaf etdirməyə hazırdır”.

Ekspert qeyd edib ki, Azərbaycanla tərəfdaşlıq Londona Cənubi Qafqazda öz maraqlarını həyata keçirməkdə ciddi imkanlar yaradır.

Y. Qoliqorskinin sözlərinə görə, Böyük Britaniya üçün Azərbaycan uzaq ölkə deyil, London artıq əsrlərdir ki, bu regionda mövcuddur:

“Böyük Britaniyanın Cənubi Qafqazda siyasi, iqtisadi və indiki turbulent dövrdə hərbi maraqları var. Krımın ilhaqı, Rusiyanın Ukraynaya müdaxiləsi, mülki təyyarələrə hücumlar göstərdi ki, artıq münasibətlərdə "yumşaq dövr" arxada qalıb. Bu gün diplomatik və hərbi müttəfiqlikləri möhkəmləndirmək lazımdır. Bu, həm Xəzər, həm Aralıq, həm də Qara dəniz regionlarını əhatə edir. London-Bakı əməkdaşlığı bunun bariz nümunəsidir”.

O,  Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi də yüksək qiymətləndirib:

“Ağ Evdə imzalanmış mühüm memorandum, yəni Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşma tamhüquqlu sülh sazişinə yol aça bilər. Bu, regiondakı münasibətlərin dinamikasını köklü şəkildə dəyişəcək, yeni iqtisadi imkanlar yaradacaq. London isə bu prosesdə kənarda qalmaq istəmir. Böyük Britaniya Azərbaycanı da, Ermənistanı da, Gürcüstanı da, Türkiyəni də çox yaxşı tanıyır. Ona görə də regionla hərtərəfli əlaqələrin inkişafı indi daha da vacibdir”.

Ekspert əlavə edib ki, Londonun Bakı ilə strateji tərəfdaşlıq sazişi yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün də mühüm imkanlar açır.

Rasim Babayev 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?