Şuşa görüşü: 14 sənəd, bir strateji tərəfdaşlıq - TƏHLİL

Yaxın Şərqdə getdikcə daha böyük nüfuz sahibinə çevrilən Azərbaycan regiondakı müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrini intensiv şəkildə inkişaf etdirir. Sözügedən ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərin də son illərdə dinamik yüksəliş yolunda olduğu müşahidə edilir. Burada xüsusi vurğulanmalı məqamlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin ərəb dünyasında həm siyasi, həm də iqtisadi baxımdan xüsusi mövqeyə malik olmasıdır.
1971-ci ildə müstəqilliyini elan edən və yeddi əmirlikdən ibarət olan BƏƏ qısa zamanda Yaxın Şərqin və bütövlükdə ərəb coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilib. Əmirliklərin ərəb dünyasında mühüm rol oynamasının əsas səbəblərindən biri onun iqtisadi gücüdür. Ölkə zəngin neft və qaz ehtiyatlarına malik olsa da, iqtisadiyyatını təkcə enerji sektoruna bağlamayıb. Dubay və Əbu-Dabi kimi şəhərlər qlobal maliyyə və istehsal mərkəzinə, həmçinin beynəlxalq turizm və logistika qovşaqlarına çevrilib. Ərəb ölkələri arasında iqtisadi şaxələnmə siyasətində lider rolunu oynayan BƏƏ digər ərəb dövlətləri üçün də nümunədir.
Əmirliklərin regional nüfuzunu artıran digər mühüm faktor isə onların diplomatik fəallığıdır. BƏƏ ərəb ölkələrinin birliyini və həmrəyliyini gücləndirmək məqsədilə həm Körfəz Əməkdaşlıq Şurasında, həm də Ərəb Liqasında fəal iştirak edir. Regional məsələlərdə, xüsusilə də Fələstin mövzusunda ölkənin mövqeyi ərəb həmrəyliyinin qorunmasına yönəlib. Bununla yanaşı, BƏƏ bu gün Yaxın Şərqdə sabitlik və təhlükəsizliyi dəstəkləyən dövlətlərdən biri kimi tanınır.
BƏƏ-nin xarici siyasətdə balanslaşdırılmış mövqeyi də onun nüfuzunu gücləndirir. Əmirliklər həm Qərb dövlətləri, həm də ərəb-müsəlman dünyası ilə sıx münasibətlər qurub. Bu, BƏƏ-ni regionda həm vasitəçi, həm də təşəbbüskar gücə çevirib. Həmçinin ölkə ərəb dünyasında modernləşmə və innovasiya sahəsində öncül mövqeyə sahibdir. Təhsil, elm və texnologiyaya qoyulan böyük sərmayələr sayəsində BƏƏ kosmos tədqiqatlarına qoşulan ilk ərəb dövlətlərindən biri olub.
Azərbaycanla BƏƏ arasındakı münasibətlər sürətli inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə müsəlman dünyasının təmsilçisi olmaqla yanaşı, ortaq tarixi-mədəni dəyərlərə və siyasi-iqtisadi maraqlara əsaslanan əməkdaşlığı genişləndirməyə xüsusi diqqət yetirir. Bu münasibətlər təkcə ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də sıx tərəfdaşlıqla müşayiət olunur.
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana son səfəri əlaqələrin yeni mərhələsinə təkan verdi. Şuşada keçirilən görüşdə Prezident İlham Əliyev bu səfərin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi:
“Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub”.
Görüş çərçivəsində müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin siyasi əlaqələrini ən yüksək səviyyəyə qaldırıb.
Azərbaycanla BƏƏ arasında iqtisadi əməkdaşlıq genişlənməkdədir. Əmirliklər Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Neft-qaz, tikinti, energetika, kənd təsərrüfatı, logistika və turizm sahələri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Energetika sahəsində ortaq layihələr xüsusi önəm daşıyır. BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji layihələri həyata keçirir. Qaradağ Günəş Elektrik Stansiyası bunun bariz nümunəsidir. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına inşa edilən stansiya ölkəmizdə sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hazırda Biləsuvarda 445 MVt, Neftçalada isə 315 MVt gücündə yeni günəş elektrik stansiyalarının, həmçinin 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi davam edir.
Bu layihələr Azərbaycanın bərpa olunan enerji istehsalını artıraraq yaxın gələcəkdə ümumi enerji tələbatının 30 faizindən çoxunu təmin etməyə imkan verəcək.
Azərbaycanla BƏƏ arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq da inkişaf edir. Birbaşa aviareyslərin təşkili turizmin artmasına səbəb olub. BƏƏ-dən gələn turistlərin sayı ilbəil çoxalır, Azərbaycan vətəndaşları isə Dubay və Əbu-Dabini səyahət məkanı kimi seçirlər. Yaxın illərdə işğaldan azad olunmuş ərazilər də BƏƏ turistlərinin yeni ünvanına çevriləcək.
Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş olunan həmrəylik bu münasibətləri daha da möhkəmləndirir. Şuşada imzalanan sənədlər isə iki ölkə əlaqələrinin strateji səviyyəyə yüksəldiyini təsdiqləyir.
Süni intellekt, birgə investisiya layihələri, biznes şuraları və digər təşəbbüslər sayəsində Azərbaycan-BƏƏ münasibətləri yalnız ikitərəfli deyil, bütövlükdə İslam aləmi üçün faydalı əməkdaşlıq modelinə çevrilir.
MTM Analitik Qrupu