Dünən

İranın Cənubi Qafqaz siyasəti dəyişir? - Qalmaqallı Ermənistan səfiri geri qayıdır - ŞƏRH

İran İslam Respublikası Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir. Dövlət daxilində prezident Məsud Pezeşkianla radikal qanad arasında da məhz bu siyasətə görə fikir ayrılığı yaranıb. Pezeşkian və tərəfdarları Zəngəzur dəhlizinin açılmasını normal qəbul etsələr də, radikalçılar və SEPAH qanadı bu layihəyə kəskin şəkildə qarşı çıxmaqda davam edirlər. Demək olar ki, hər gün onlara yaxınlığı ilə tanınan şəxslər İran mediasında açıqlamalar verərək belə bir dəhlizin qəbul edilməyəcəyini bildirirlər.

Maraqlıdır ki, artıq bəzi siyasətçilər Zəngəzur dəhlizi məsələsinə görə Ermənistana da ittihamlar yönəldirlər. Bu fonda 2023-cü ildən İslam Respublikasının Ermənistandakı səfiri olan Mehdi Sobhaninin diplomatik missiyasını başa vuraraq geri qayıtması diqqət çəkir. Bu addım Tehranın Cənubi Qafqaz siyasətinə yenidən əl gəzdirməsi kimi qiymətləndirilə bilər.

Diplomatik missiyasını başa vuran səfiri Ermənistanın baş nazirinin birinci müavini Mher Qriqoryan və XİN rəhbəri Ararat Mirzoyan qəbul ediblər. Mirzoyan Sobhaniyə İran-Ermənistan münasibətlərinə verdiyi töhfəyə görə “Dostluq” ordeni təqdim edib.

Mehdi Sobhani Azərbaycan əleyhinə sərt bəyanatları ilə tanınır. SEPAH-la sıx əlaqələri olan diplomat bir müddət Suriyada da fəaliyyət göstərib. Onun Ermənistana səfir göndərilməsi də təsadüfi deyildi. Sobhani əsasən Azərbaycan-Ermənistan sülh prosesinə mane olmaq üçün çalışıb. Tez-tez səsləndirdiyi bəyanatlar və açıqlamalar da bunu sübut edir.

Sobhani 2023-cü ilin iyulunda səfir kimi fəaliyyətə başlayıb. Bu dövr təsadüfi deyildi – məhz Bakının Tehrandakı səfirliyinə edilən hücumdan sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi mərhələyə təsadüf edirdi. Onun ilk bəyanatları da Azərbaycana qarşı təhdid xarakteri daşıyırdı.

Əsas müzakirə mövzusu isə Zəngəzur dəhlizi idi. Sobhani gah belə bir dəhlizin olmayacağını, gah bunun İran üçün “qırmızı xətt” olduğunu, gah da regionda sərhəd və geosiyasi dəyişikliklərə qarşı çıxdığını bildirirdi. Halbuki Azərbaycanla Ermənistan razılaşaraq Ermənistanın Sünik vilayətindən yol çəksələr, burada sərhəd dəyişikliyindən söhbət belə gedə bilməzdi.

Əslində bu bəyanatlar sırf erməni ictimaiyyətinə hesablanmışdı. Çünki erməni müxalifəti hər zaman bu tip açıqlamalardan faydalanıb. Digər tərəfdən, Ermənistanın inkişafı və regionda kommunikasiyaların açılması ölkəni İranın orbitindən uzaqlaşdırır, həmçinin Hindistanla nəzərdə tutulan layihələri sual altına alır. Türkiyə də yükdaşımalarda İran əvəzinə məhz bu dəhlizdən istifadə etməyi planlaşdırır.

2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatları zamanı Sobhani Azərbaycanın daxili işinə qarışaraq sərsəm açıqlamalar vermişdi. O hətta Azərbaycan ərazisindən İrana qarşı hücum üçün istifadə olunduğunu iddia etmişdi. Bir neçə gün sonra isə Tehran belə sübutların olmadığını etiraf edərək geri addım atdı.

Bu nümunələr İranın xarici siyasətinin proksi ekspansiyaya əsaslandığını, lakin artıq bu modelin iflasa uğradığını göstərir. Tehran indi özünün geosiyasi mövcudluğu üçün yeni doktrina hazırlamaq məcburiyyətindədir. Ən rasional seçim isə qonşularla etibarlı münasibətlərin qurulmasıdır. Bu məsələdə Azərbaycan etibarlı tərəfdaş kimi öndədir.

Ermənistandakı SEPAH bağlantılı səfirin geri çağırılması Tehranın siyasətində müəyyən dəyişikliklərin işarəsi ola bilər. Güman etmək olar ki, Pezeşkian administrasiyası bu posta daha loyal və regiondakı reallıqlara uyğun siyasət yürüdəcək diplomat təyin edəcək.

Hikmət Həsənov 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?