Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir

Koroğlu Rəhimov küçəsində nəzərdə tutulan dəyişikliklər nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
Təhlil.az xəbər verir ki, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.
Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub. Bununla da yolun funksionallığı artırılacaq.
Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.
Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.
Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər. Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.