Bu gün

Qarabağ və Zəngəzurda möcüzə: beş ilə qurulan yeni həyat - TƏHLİL

Azərbaycan dövləti üçün son illərin ən prioritet istiqamətlərindən biri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur bölgələrinin bərpası və yenidən qurulmasıdır. 2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, uzun illər işğal və dağıntılar altında qalmış torpaqların dirçəldilməsi üçün geniş imkanlar yaradıb. Hazırda əsas hədəf bu ərazilərin sürətli inkişafı, infrastrukturun bərpası, insanların doğma yurdlarına qayıtması və bölgənin ölkənin iqtisadi-sosial həyatına inteqrasiyasıdır. Artıq ötən müddətdə görülən işlər Azərbaycanı bu sahədə dünya üçün nümunəyə çevirib.

Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində sakinlərlə görüşündə quruculuğun miqyasını belə vurğulayıb:
“Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat, xoşbəxt və sülh içində yaşasın.”

Azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu əsas prioritetdir. Yollar, körpülər və tunellərin böyük qismi artıq istifadəyə verilib. Horadiz–Ağbənd dəmir yolunun 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur. Layihənin 84 faizi layihələndirmə, 67 faizi isə tikinti-quraşdırma işləri üzrə tamamlanıb. Bununla yanaşı, avtomobil yolları və yeni nəqliyyat arteriyaları regionun gələcək inkişafına xidmət edəcək.

Qarabağ və Zəngəzurda “yaşıl enerji” konsepsiyası tətbiq edilir. Günəş, külək və hidroenerji potensialı yüksək olan bölgədə Zəngilan və Cəbrayılda günəş stansiyaları, Laçında isə külək enerjisi layihələri həyata keçirilir. Bu həm ekoloji dayanıqlılığı təmin edir, həm də enerji müstəqilliyini gücləndirir.

Münbit torpaqlar və əlverişli iqlim kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır. Üzümçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq sahələri dövlət dəstəyi ilə bərpa olunur. Şuşa, Hadrut, Kəlbəcər və Laçın isə böyük turizm potensialı ilə seçilir. Burada dağ-xizək kurortları, sanatoriyalar və ekoturizm marşrutları yaradılır.

Türkiyə, İtaliya, İsrail və digər ölkələrin şirkətləri artıq enerji, tikinti və aqrar layihələrdə iştirak edir. Bu isə Qarabağ və Zəngəzuru beynəlxalq iqtisadi inteqrasiyanın yeni mərkəzinə çevirir.

Əsas məqsəd insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Məcburi köçkünlər üçün yeni evlər tikilir, sosial infrastruktur qurulur. Hazırda Qarabağ və Zəngəzurda 50 mindən çox insan yaşayır və bu say sürətlə artır. Mina təmizlənməsi prosesi isə qayıdışı təhlükəsiz şəkildə təmin etmək üçün davam edir.

Azad edilmiş ərazilərin reinteqrasiyası Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, regionun geosiyasi mənzərəsinə də təsir göstərir. Xüsusilə Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat arteriyası kimi Azərbaycanın regional logistik mərkəz rolunu möhkəmləndirəcək.

Qarabağ və Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və gələcəyə baxışını nümayiş etdirir. Bu, təkcə dağıdılmış şəhərlərin bərpası deyil, həm də milli qürurun, ədalətin və Böyük Qayıdışın təcəssümüdür. Yeni yollar, hava limanları, enerji layihələri və müasir şəhərlər yüz minlərlə insanın doğma torpaqlarına dönüşünü təmin etməklə bütün regiona sülh, sabitlik və rifah vəd edir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?