Paşinyan: “Ən mühüm söhbət Praqada oldu”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik strategiyasındakı dönüş nöqtəsinin 2022-ci ilin oktyabrında Praqada əldə edilən razılıq olduğunu bildirib.
O, bu fikirləri sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransında çıxışı zamanı səsləndirib.
Paşinyanın sözlərinə görə, təhlükəsizliyin təmin edilməsində əsas alətlərdən biri legitimlikdir:
“Əgər siz ərazi bütövlüyünü bir şəkildə tanıyırsınızsa, amma əsas təhlükəsizlik sisteminiz bunu başqa cür qəbul edirsə, bu, ərazi bütövlüyünüzü itirmək deməkdir. Məhz belə vəziyyət 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında yaşandı. Ona görə də ən mühüm söhbət 2022-ci ilin oktyabrında Praqada oldu. Orada bizə aydın idi ki, əvvəlcə ərazi bütövlüyümüzün nə olduğunu müəyyən etməliyik və mübahisəsiz legitimliyə əsaslanmalıydıq”.
Baş nazir əlavə edib ki, Ermənistan Alma-Ata Bəyannaməsini əsas götürərək Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib:
“Biz özümüz də Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyümüzü tanımağa hazır idik. Nəticədə Praqada Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduqları barədə siyasi razılıq əldə etdilər. Bu, bütün strategiyamızı dəyişdirən dönüş nöqtəsi idi. Beləliklə, legitimlik bizim üçün təhlükəsizlik alətinə çevrildi”.
Paşinyan sonda qeyd edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadrat kilometrdir və bu sərhədlərin toxunulmazlığı ölkənin təhlükəsizlik siyasətinin əsas dayağına çevrilib.