Azərbaycanda yeni tədris ili başladı – 1,6 milyon şagird məktəbə qədəm qoydu

Sentyabrın 15-i Azərbaycanda Bilik Günü qeyd olunur.
Təhlil.az xəbər verir ki, bu il ölkə üzrə 132 mindən çox uşaq I sinfə, 89 min uşaq məktəbəhazırlığa qəbul olunub. Ümumilikdə isə 1,6 milyon şagird təhsil alacaq.
Yeni dərs ili “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ilk dərslə başlayıb. Paytaxt məktəblərində təxminən 505 min şagird oxuyacaq. Qarabağ və Şərqi Zəngəzurda isə artıq 14 məktəb fəaliyyət göstərir, bu il daha 11 məktəbin açılması planlaşdırılır.
Son illərdə ölkədə 600-dən çox məktəb tikilib və əsaslı təmir olunub, qəzalı məktəblərin sayı iki dəfədən çox azalıb. Yeni layihələr arasında “Rəqəmsal məktəb” platforması da var – yalnız Bakıda 353 məktəbi, 500 mindən çox şagirdi və 30 min müəllimi əhatə edəcək.
Eyni zamanda, 500 azərbaycanlı gənc dövlət proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıb. Peşə təhsili üzrə də qəbul yerlərinin böyük hissəsi dövlət sifarişi əsasında təmin ediləcək.
Bütün bu addımlar Azərbaycanın təhsil sistemini müasir dövrün tələblərinə uyğunlaşdırmaq, gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.