Siyasi ekspert: Vaşinqtonda Rusiyaya öz yerini göstərdilər - MÜSAHİBƏ

Almaniya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşü və burada əldə edilmiş razılıqları alqışlayıb.
Bu barədə tehlil.az-a müsahibəsində Almaniyadan olan jurnalist və siyasi ekspert Yevgeni Kudryats bildirib.
“Almaniya kansleri Fridrix Merz də Bakı və İrəvan arasında vasitəçi olmaq istərdi, lakin burada Donald Tramp təşəbbüsü ələ keçirdi. Və hesab edirəm ki, bu, təkcə Almaniya üçün deyil, bütün dünya üçün mühüm tarixi hadisədir. Aydındır ki, sülh müqaviləsinin özü hələ bağlanmayıb, lakin bunun üçün bütün mütləq ilkin şərtlər var", - o deyib.
Ekspertin fikrincə, Vaşinqtonda keçirilən görüşün daha bir mühüm komponenti odur ki, Rusiyaya öz yerini göstərdilər.
“Üçüncü, necə deyərlər, artıqdır. Rusiyanın reaksiyası çox ağrılı oldu. Televiziya kanallarında Azərbaycana qarşı hücumlar olub. Səbəb isə Zəngəzur dəhlizinin açılması məsələsi ilə Moskvanın deyil, Vaşinqtonun məşğul olmasıdır", - Kudryats vurğulayıb.
O qeyd edib ki, Moskva da Ermənistanda suları bulandırmaq cəhdlərindən əl çəkmir.
“Biz bilirik ki, Ermənistanda bu yaxınlarda az qala çevrilişdən söhbət gedirdi. Paşinyan buna görə erməni kilsəsinin nümayəndələrini günahlandırıb. Ermənistan əsilli Rusiya vətəndaşı Samvel Karapetyan dövlət çevrilişi hazırlamaqda ittiham edilərək həbs edilib.
Şübhəsiz ki, Rusiya hansısa yolla bu cinahda oynamağa və öz təsirini tətbiq etməyə çalışacaq. Ancaq bu təsirin itirildiyini söyləmək lazımdır. Vaşinqtondakı görüş göstərdi ki, Rusiya bu prosesə heç bir şəkildə nəzarət edə bilməz", - Kudryats dedi.
Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya həmişə ermənipərəst mövqe tutub.
“Bununla belə, Ermənistan cəmiyyətinin əksəriyyəti Paşinyanı dəstəkləyir, çünki onlar başa düşürlər ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq lazımdır. Bu təhlükəsizliyin təminatıdır. Təəssüflər olsun ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları hələ də sülh prosesində məhdudlaşdırıcı amil olaraq qalır. Ümid etmək olar ki, İrəvanda referendum keçirildikdən sonra bu maneə də aradan qalxacaq", - Kudryats qeyd edib.
Rasim Babayev