12 avqust

Sülh müqaviləsi regionda kənar təsir kanallarını bağlayır - TƏHLİL

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi bir daha Cənubi Qafqaz üçün yeni dövrün başlandığını nümayiş etdirir. 17 maddədən ibarət sazişin detalları prosesin Azərbaycanın şərtləri və diqtəsi altında inkişaf etdiyini göstərir. Eyni zamanda, sözügedən saziş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların daha da möhkəmlənməsinə xidmət edir.

Ümumiyyətlə, hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu, Cənubi Qafqaza kənar müdaxilələr üçün istifadə edilən mexanizmlərin bir çoxunun sıradan çıxması ilə nəticələnəcək. Məsələn, sülh sazişinin mətninə əsasən, Azərbaycan və Ermənistan qarşılıqlı sərhədlərində hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Hazırda Ermənistan ərazisində belə qüvvələr fəaliyyət göstərir. Söhbət Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilən mülki monitorinq missiyasından gedir. Faktdır ki, “binokl diplomatiyası” ilə məşğul olan bu missiya ölkəmizə qarşı əsassız iddialar formalaşdırır, Azərbaycanofobiyanın genişləndirilməsi üçün vasitə kimi istifadə olunur. Bu hal həm də Azərbaycan və Ermənistan arasında etimad quruculuğuna zərər vurur. Rəsmi Bakı bu xüsusda Ermənistana və eləcə də Avropa İttifaqına dəfələrlə xəbərdarlıq edib. Bundan başqa, missiyanın Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olması Cənubi Qafqazda geosiyasi gərginliyi artırır.

Beləliklə, Avropa İttifaqı missiyasının fəaliyyətinə son qoyulması təkcə Azərbaycan-Ermənistan sülhünün tezləşməsinə xidmət etmir, həm də regionun geosiyasi toqquşma məkanına çevrilməsinə zəmin yaradan əsas amillərdən birini aradan qaldırmış olur.

Sülh sazişinin 7-ci bəndinə əsasən, tərəflər iki ölkə sərhədində üçüncü tərəfin qüvvələrini yerləşdirməmək öhdəliyini götürürlər. Saziş imzalandıqdan sonra Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəd ərazilərdən çıxarılması Ermənistanın əsas öhdəliklərindən birinə çevriləcək. Bundan sonra digər qüvvələrin də Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi mümkün olmayacaq. Sənəddə açıq şəkildə qeyd olunur:

“Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.”

Bu, nəticə etibarilə Cənubi Qafqazda regiondan kənar ölkələrin məkrli niyyətlərinin qarşısının alınmasında mühüm rol oynayacaq.

Digər mühüm məqam ATƏT-in Minsk qrupu ilə bağlıdır. Artıq Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi üçün iştirakçı dövlətlərə müraciət ediblər. Xarici işlər nazirlərinin bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi iştirakçı dövlətlər arasında yayılıb və təsdiq üçün prosedurların dəstəklənməsi xahiş olunub.

Minsk qrupunun mövcudluğu artıq mənasızdır, çünki onun fəaliyyət predmeti olan Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Prezident İlham Əliyev hələ 2022-ci ilin iyununda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bunu açıq şəkildə bildirib:

“Azərbaycan işğala son qoyub, öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur. Onlarla vidalaşmışıq. Lakin təəssüf ki, Ermənistan və digərləri bu qrupu diriltmək istəyirlər. Bu, qeyri-mümkündür. Həm də regionda sülhə dağıdıcı təsir göstərir.”

Ermənistan və müəyyən qüvvələr bu yanaşmanı uzun müddət qəbul etməsələr də, sonda Azərbaycan mövqeyi qəbul olundu və Minsk qrupunun ləğvi üçün birgə müraciət edildi. Bu, həm də Cənubi Qafqazda öz məqsədlərini həyata keçirməyə çalışan qüvvələrin daha bir təsir vasitəsini itirməsi deməkdir.

Hazırda sülh müqaviləsinin imzalanması yolundakı yeganə əngəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Onun gələn il referendum yolu ilə aradan qaldırılması gözlənilir. Azərbaycan bu məsələni qaldırmaqla Ermənistanın daxili işlərinə müdaxilə etmir, lakin ölkəmizə qarşı ərazi iddiasının mövcudluğu ilə barışa bilməz.

Sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda əməkdaşlıq baxımından yeni mərhələnin başlanacağı gözlənilir. Xüsusilə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu vahid müzakirə platformasının yaradılması təşəbbüsü yenidən gündəmə gələ bilər. Gürcüstan bu ideyanı dəstəkləyib, lakin Ermənistan sülh sazişi olmadığından addım atmayıb. Saziş imzalandıqdan sonra platformanın reallaşması və regional əməkdaşlıq münasibətlərində yeni mərhələ qaçılmaz görünür. Bu isə regiona kənar təsir cəhdlərinin qarşısında mühüm sipər rolunu oynayacaq.

MTM Analitik Qrupu 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?