Ukraynalı ekspert: “Azərbaycan müstəqil siyasətlə Moskvanı geridə qoydu” - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunan razılaşmalar Bakı ilə İrəvanın bir-birinə doğru atdığı uzun addımların məntiqi nəticəsidir.
Bu barədə Təhlil.az saytına açıqlamasında “İnformasiya müqaviməti” qrupunun ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.
Ekspertin fikrincə, bu razılaşmaların məhz ABŞ vasitəçiliyi ilə əldə olunması çox önəmlidir.
Onun sözlərinə görə, ortaq dil tapmağa çalışan Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlərə təsir göstərməyə və üçüncü tərəf kimi iştirak etməyə çalışan Rusiya isə tərəfləri yaxınlaşdıra bilmədi:
"Bəlkə də bunu etməyə cəhd belə göstərmədi. Bu səbəbdən irəliləyişin ABŞ vasitəçiliyi ilə baş verməsinə təəccüblənmirəm. Bu, eyni zamanda Rusiya üçün ciddi reputasiya itkisi deməkdir. Moskvanın edə bilmədiyini Vaşinqton etdi”.
A.Kovalenko vurğulayıb ki, Vaşinqton razılaşmaları təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də regionun daha təhlükəsiz formatda gələcək inkişafı baxımından əhəmiyyətlidir:
“Bakı həmişə diplomatiyaya açıq olub, İrəvan isə heç vaxt bu ümumi dili tapa bilməyib. Rusiya isə Azərbaycanın müstəqil siyasətinə hər zaman qısqanclıqla yanaşıb. Moskva təbliğatını Azərbaycanın getdikcə daha müstəqil hərəkət etməsi qıcıqlandırırdı. 2020-ci ildən sonra bu proses sürətləndi və məcburi format aldı".
O qeyd edib ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada təsir gücünə malikdir:
“Artıq söhbət yalnız Cənubi Qafqazdan getmir. Azərbaycan xarici siyasət təsirini sistemli şəkildə genişləndirir, qitə sərhədlərini aşır. Rusiya isə son illər özünü etibarlı tərəfdaş kimi tam nüfuzdan salıb və Bakı üçün güvəniləcək bir tərəf ola bilmir”.
Ekspert eyni zamanda Rusiyanın hərbi yolla bölgədə təsirini bərpa etməyə cəhd edə biləcəyini də istisna etmir:
“Rusiyanın Azərbaycanla həm quru, həm də dəniz sərhədi var ki, bu da müəyyən təhlükələr yaradır. Amma 2025-ci ilin Azərbaycanı 1990-cı ilin Azərbaycanı deyil. Bu gün Bakının Türkiyə və Pakistan kimi etibarlı müttəfiqləri var. Əgər Rusiya Azərbaycana qarşı hərbi əməliyyata başlasa, bu, Moskvanın məğlubiyyəti və ciddi alçaldılması ilə nəticələnəcək”.
Rasim Babayev