18 avqust

Politoloq: Vaşinqtonun prosesi öz üzərinə götürməsi mübahisəli məsələlərin tez həllinə kömək edəcək - MÜSAHİBƏ

Qazaxıstan Vaşinqtonda İlham Əliyev və Nikol Paşinyan arasında Donald Trampın iştirakı ilə əldə olunmuş tarixi razılaşmaları alqışlayır.

Bu barədə təhlil.az-a açıqlamasında "A+Analytics" araşdırma mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov məlumat verib.

“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpasından məmnundur. Azərbaycanlılar bizə qardaş xalqdır, çox dərin köklərə malik olan türk xalqıdır", - o deyib.

“Bakı ilə İrəvanın yaxınlaşması müsbət haldır. Demək olar ki, bu, yeni dövrdür, çünki Cənubi Qafqazda son üç onillikdə ilk dəfə olaraq sülhə nail olmaq üçün real perspektiv var. Azərbaycan və Ermənistanın son 5 ildə atdığı addım çoxdan gözlənilirdi.

Bu, Cənubi Qafqaz regionuna son 30 ildə yaranmış geosiyasi vəziyyətdən çıxmağa kömək edəcək çox yaxşı sivil yanaşmadır", - Kasenov vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun prosesi öz üzərinə götürməsi Bakı ilə İrəvan arasında bütün mübahisəli məsələlərin mümkün qədər tez həllinə kömək edəcək.

“Öz növbəsində, Azərbaycan və Ermənistan arasında vasitəçilik xidmətləri göstərən Rusiya da kölgəyə doğru gedir. Vaşinqton və şəxsən Donald Tramp vasitəsilə Cənubi Qafqazda yeni siyasi konfiqurasiya yaranmağa başlayır. Yəni burada Rusiyanın yerini ABŞ tutur. Ümid edirəm ki, bu, problemi mümkün qədər tez həll etməyə kömək edəcək", - Kasenov qeyd edib.

Politoloq Zəngəzur dəhlizinin açılması ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini vurğulayıb.

“Əgər Cənubi Qafqaz regionu sülhə nail ola bilsə, o zaman rifah bölgəsinə çevriləcək. Çünki birgə nəqliyyat və logistika layihələrini həyata keçirmək mümkün olacaq. Bu mənada Zəngəzur dəhlizi müstəsna əhəmiyyətə malik birgə layihədir.

Düşünürəm ki, investisiyalar da çox gecikməyəcək. Axı bir çox Avropa ölkələri uzun müddətdir ki, regiona göz dikib. Onlar başa düşürlər ki, karbohidrogenlərin və müxtəlif malların Çindən Avropaya və geriyə tədarükü üçün alternativ yollara ehtiyac var. Yəni, Orta Dəhliz yeni nəfəs alacaq, çünki yeni marşrutlar çəkiləcək, tutumlar artacaq.

Bu, Azərbaycan vasitəsilə Avropaya çıxış əldə edəcək Qazaxıstan və ümumiyyətlə, Mərkəzi Asiya üçün çox vacibdir", - ekspert bildirib.

Kasenov ABŞ-nin Azərbaycana qarşı 907 saylı düzəlişi ləğv etməsinin vacibliyini də qeyd edib.

Rasim Babayev

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?