Dünən

Paşinyanın erməni xalqına müraciəti - Sülh qapıdadır? - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Günü münasibətilə xalqa müraciət edib. Müraciət 8 avqust tarixində Vaşinqtonda imzalanan üçtərəfli bəyannamənin xalq üçün izahı, Ermənistan üçün faydalarını ehtiva edir. Paşinyan müraciətində qeyd edib ki, Ermənistanın sülh danışıqlarından başqa yolu qalmayıb. Ümumi olaraq baş nazirin xalqa müraciəti revanşist qüvvələrin son ümidini də qırmaqla yanaşı, regionda yaranan yeni reallıqlarla sadə erməni vətəndaşını məlumatlandırmaq missiyasını da daşıyır.

Canlı olaraq yayımlanan müraciətdə hökumət başçısı qeyd edib ki, artıq iki ölkə arasında sülhün vaxtı çatıb. Məhz bu platforma ilə Baş nazirin təmsil olunduğu hakim “Vətəndaş müqaviləsi” seçkilərə böyük ümidlə gedəcək və ehtimal ki, qələbə də qazanacaq. Bununla da Ermənistanda revanşistlərin hakimiyyətə qayıdışı məsələsi tarixin bir küncünə atılacaq.

Paşinyanın müraciətində diqqət ediləsi məqamlardan biri də Ermənistan ərazisindən Naxçıvana keçidin təmin edilməsidir. Bu, iki ölkə arasında etimad mühitinin formalaşmasına birbaşa təsir edən məqamdır. Təbii ki, məsələ Vaşinqtonda razılaşdırılıb və buna qədər uzun müddət Azərbaycanın haqlı tələblərindən biri olub. Paşinyanın xalqa müraciəti zamanı bu maddəni yenidən səsləndirməkdə məqsədi isə son günlər erməni mediasını zəbt edən müxalifət manipulyasiyasının qarşısını almaq, real mənzərəni təsvir etməkdir.

Müraciətdə maraqlı məqamlardan biri də Azərbaycanda məhkəmə qarşısında cavab verən separatçı ermənilər məsələsidir. Baş nazir bu məsələyə toxunmamaqla işarə edir ki, bu, birbaşa Azərbaycanın daxili məsələsidir və separatçılar ədalət qarşısında cavab verirlər.

Maraqlıdır ki, hökumət başçısı konkret olaraq Qarabağ məsələsinin bağlandığını, bu problem həll edilməyincə sülhə nail olmağın qeyri-mümkün olduğunu etiraf edib. Bu həm erməni cəmiyyətinə, həm müxalifətə, həm də Qarabağ məsələsindən sui-istifadə edən xarici qüvvələrə ötürülən bir mesajdır.

Eyni zamanda Qarabağ ermənilərinin qayıtması məsələsinə də toxunan baş nazir vurğulayıb ki, hazırda bu təhlükəlidir və xarici qüvvələrin əlində təsir rıçaqına çevrilə bilər.

Açıqlamada digər maraqlı məqam isə sərhədlərin demarkasiyası ilə bağlıdır. Anlaşılan odur ki, tezliklə Azərbaycanın uzun illər Ermənistan işğalında qalan digər əraziləri də qaytarılacaq və iki ölkə arasında sərhədlərin demarkasiya işləri sürətlənəcək. Bu yaxınlarda komissiyaların görüşünün keçirilməsinin şahidi olacağıq.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?