Çeçelaşvili: Moskvanın Bakıya qarşı ciddi təsir rıçaqları yoxdur - MÜSAHİBƏ

İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda baş tutan görüş tarixi, hətta epoxal hadisədir.
Bu barədə təhlil.az-a müsahibəsində GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) və QDİƏT-in (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) keçmiş baş katibi, Gürcüstanın keçmiş maliyyə naziri və xarici işlər nazirinin keçmiş 1-ci müavini, Gürcüstanın Rusiya və Ukraynadakı keçmiş səfiri Valeri Çeçelaşvili bildirib.
“Vaşinqtondakı görüş, şübhəsiz ki, uğurlu oldu. Bakı ilə İrəvan arasında sülh prosesi irəliləyib. Əliyev və Paşinyan münasibətlərin tamamilə yeni keyfiyyətini nümayiş etdirdilər", - o deyib.
Diplomatın fikrincə, Vaşinqtondakı görüş göstərdi ki, bundan sonra Cənubi Qafqazda ABŞ-nin daha çox, müvafiq olaraq, Rusiyanın isə daha az olacağı görünür.
“Demək lazımdır ki, ABŞ diplomatiyası çox səriştəli, çox peşəkar, tez və vaxtında işləyib. Bununla belə, etiraf etmək lazımdır ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri, liderlər Əliyev və Paşinyan şəxsən ikitərəfli münasibətlərin gündəmini irəli sürmək qərarına gəlməsəydilər, ABŞ-dən heç bir diplomat, hətta Donald Tramp heç nə edə bilməzdi. Münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər o qədər irəliləyib ki, artıq biz Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında müqavilənin özünün imzalanmasına çox yaxınıq", - Çeçelaşvili qeyd edib.
Ekspert Vaşinqtonda ATƏT-in Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılması, Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı qəbul edilən qərarları çox vacib adlandırıb.
Çeçelaşvilinin sözlərinə görə, İran və Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək etmək imkanlarını əldən veriblər.
“Bu gün Tehran və Moskvada Bakıya qarşı səslənən təhdidlər bir qədər qeyri-ciddi görünür. Biz onları ciddi qəbul etmirik. Amma biz ciddi qəbul edirik ki, Trampın bu layihəsi sayəsində Zəngəzur dəhlizi real konturlar alır.
Bu sülh prosesi hamının xeyrinə olacaq. Azərbaycanın da, Ermənistanın da, Gürcüstanın da. Əgər biz bir nömrəli geosiyasi oyunçu olan ABŞ kimi ciddi təminat əldə etsək, Avropa Birliyi də mütləq burada olacaq", - o deyib.
Keçmiş nazirin sözlərinə görə, Avropa İttifaqı artıq prosesi çox müsbət qiymətləndirib və Zəngəzur dəhlizi layihəsinə sərmayə qoymaq və regiona investisiya yatırmaq arzusunu bildirib.
“Solovyov və Bakını təhdid edən digər rusiyalı politoloqlar sadəcə olaraq aldıqları qonorarlara görə nəsə deməyə borcludurlar. Hesab edirəm ki, Azərbaycana qarşı hansısa hibrid təxribatların olması mümkündür. Çünki Moskvanın Bakıya qarşı nə iqtisadi, nə də siyasi ciddi təsir rıçaqları yoxdur", - Çeçelaşvili vurğuladı.
O, Azərbaycan və Ermənistan arasında sıx iqtisadi əməkdaşlığın mümkünlüyünü qeyd edib.
“Təsəvvür edək ki, bəzi texniki səbəblərə görə Rusiya artıq Ermənistana qaz verə bilmir. Və o zaman Bakı İrəvanı qazla təmin edə bilər. Demək istəyirəm ki, Moskvanın Azərbaycana, Ermənistana və Gürcüstana qarşı istənilən aqressiv hərəkəti üç ölkəmiz üçün konsolidasiya amili ola bilər. Və o zaman biz vahid Cənubi Qafqaz kimi güclü geosiyasi oyunçuya çevriləcəyik", - Çeçelaşvili əlavə edib.
Rasim Babayev