ABŞ-nin Cənubi Qafqaz siyasəti: neytrallıq, yoxsa tərəfkeşlik? - TƏHLİL

ABŞ Senatında səslənən “münaqişə təhlükəsi” ifadəsi qısa bir çıxışda deyilsə də, onun doğurduğu təsirlər Cənubi Qafqazda ciddi narahatlıq yaradacaq gücdədir. Dövlət katibi Marko Rubionun Kristofer Smitin sualına verdiyi “bölgədə real münaqişə təhlükəsi var” cavabı isə sadəcə sıradan, diplomatik bir açıqlama kimi qiymətləndirilə bilməz. Əksinə, bu fikir uzun müddətdir Qərbdə mövcud olan və indi yenidən gündəmə gətirilən siyasi yanaşmanın tərkib hissəsi, yəni köhnə mövzuların yeni şəraitə uyğun şəkildə yenidən qabardılmasıdır.
Rubio qapalı şəkildə, amma açıq niyyətlə danışır: “Biz hələ də tərəf tutmuruq, amma münaqişə qayıda bilər.” Tərəf tutmamaq bu ritorikanın dekorasiyasıdır. Arxa planda isə erməni lobbisinin diqqətlə işlənmiş ssenarisi var. Kristofer Smitin sualı da təsadüfi deyil. Bu adam Vaşinqtonda erməni ritorikasının səsucaldıcısıdır. İllərlə Azərbaycana “insan haqları”, “demokratiya” və “təhdidkar davranış” möhürləri vurmağa çalışıb. İndi isə “Ermənistan təhlükədədir” obrazını beynəlxalq ictimaiyyətə sırımaqla məşğuldur.
Amma ABŞ-nin rəsmi siyasəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər belədirsə, niyə “münaqişə təhlükəsi” ilə bağlı xəbərdarlıq yalnız Azərbaycanın adı hallandıqdan sonra səslənir? Burada Rubionun ritorikası deyil, susqunluğu daha çox şey deyir. ABŞ-nin hər iki tərəfə eyni məsafədə dayanmaq istəyi real siyasətdə qeyri-müəyyənlik doğurur. Bu qeyri-müəyyənlik isə ən çox Ermənistana sərf edir. Çünki yeni “qurban obrazı” üçün mühit hazırdır.
Reallıq isə ondan ibarətdir ki, Qarabağda münaqişə 2023-cü ilin sentyabrından sonra bitib. Amma Ermənistan bunu həzm edə bilmir. Çünki sülh ona siyasi üstünlük gətirmir. O, bu üstünlüyü ancaq tribuna teatrlarında, Fransanın senatında, Avropa Parlamentinin koridorlarında axtarır. Ermənistan münaqişənin qapandığı reallığı qəbul etmədikcə, bu cür bəyanatlar onun üçün yeni nəfəs aparatına çevrilir. Əks halda, öz siyasətini daxildə izah edə bilmir.
Rubionun bir cümləsi Azərbaycan üçün həm çağırış, həm fürsətdir. Çağırışdır, çünki belə bəyanatlar beynəlxalq sərmayəçilərin gözündə regionu riskli məkana çevirə bilər. Fürsətdir, çünki Azərbaycan Qərb platformalarında real reallıqları, real faktlarla danışmaq imkanına malikdir. Siyasi ritorika diplomatik sənətlərdə yox, iqtisadi göstəricilərdə ölçülür və Bakı bu dillə danışmağı bacarır.
Problem ondadır ki, Vaşinqton hələ də tam olaraq hansı tərəfdə durmaq istədiyinə qərar verməyib. Çünki bir tərəfdən Bakı enerji təhlükəsizliyi və Orta Dəhliz üçün əvəzolunmaz tərəfdaşdır. Digər tərəfdən erməni lobbisinin təzyiqləri Konqresin kreslolarında hiss olunur. Belə bir ziddiyyətli mənzərədə Azərbaycan yalnız faktlarla deyil, eyni zamanda konseptual diplomatik strategiya ilə çıxış etməlidir. Çünki Smit kimi siyasətçilər birbaşa vurmur, amma beynəlxalq atmosferi dəyişir. Onlar “qurbanın kim olduğunu” yazmaqla məşğuldurlar. Azərbaycanın isə bu ssenaridə susması yox, müəllifliyi ələ alması lazımdır.
Əgər diplomatik oyunda arqumentlərin qalib gəldiyi dövr başlayırsa, o zaman Rubionun cümləsini “təhlükə siqnalı” kimi yox, “reaksiya şansı” kimi oxumaq daha doğrudur. ABŞ-nin dediklərini yox, demədiklərini anlamaq zamanıdır.
MTM Analitiki Qrupu