Bu gün

Tehran Zəngəzur dəhlizi ilə bağlı yenə İrəvanın əvəzinə qərar verir - ŞƏRH

Cənubi Qafqazda diplomatik saatlar işləyir, amma bu saatın səsi İrəvanda eşidilmir.  Azərbaycan sülh üçün konkret addımlar atır, Ermənistan isə ya susur, ya da başqasının səsi ilə danışır. Sülh müqaviləsinin imzalanması təkcə iki ölkənin münasibətlərinin bərpası deyil, bütün bölgə üçün yeni mərhələ deməkdir. Lakin bu mərhələnin qarşısında duran əsas əngəl yenə Ermənistanın qeyri-müəyyən və tərəddüdlü siyasətidir.

Azərbaycan Prezidentinin Macarıstanda verdiyi açıqlama çox şeyi izah edir. Sülhün təşəbbüskarı da, əsas sənədin müəllifi də Azərbaycan olub. Sənədin prinsipləri Ermənistan tərəfindən qəbul edilsə də, hələ də imzalanmayıb. Çünki Ermənistan nə konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasından imtina edir, nə də fəaliyyəti faktiki dayanmış Minsk qrupunun hüquqi ləğvini qəbul edir. Halbuki bu iki şərt yerinə yetirilsə, sülh dərhal imzalana bilər.

Amma məsələ təkcə bu sənədlə də bitmir. Bölgədə real əməkdaşlıq üçün kommunikasiya xətləri açılmalı, nəqliyyat dəhlizləri qurulmalıdır. Zəngəzur dəhlizi bu baxımdan mühüm həlqədir. Bu dəhliz Ermənistan üçün də yeni iqtisadi imkanlar açır. Lakin görünür, Ermənistan kimin üçünsə “bəyənilməyən” bu fürsəti əldən verməyə razıdır. İranın bu məsələdəki mövqeyi isə açıq-aşkar Ermənistanın səsi ilə danışmaqdan başqa bir şey deyil.

İranın səfiri Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə sərt açıqlama verir və faktiki olaraq Ermənistanın əvəzindən qərar verir. Bu, bir tərəfdən Ermənistanın siyasi müstəqilliyinə kölgə salır, digər tərəfdən isə İranın regiondakı real niyyətlərini ortaya qoyur. Tehran bəyan edir ki, Zəngəzur dəhlizinin açılması onun maraqlarına ziddir, çünki bu, sərhədləri dəyişəcək və İranı tranzit imkanlarından məhrum edəcək. Amma bu arqumentlər həm real, həm də hüquqi baxımdan zəif və əsassızdır.

İran əgər əməkdaşlıqda səmimidirsə, Zəngəzur dəhlizini təhdid yox, fürsət kimi dəyərləndirməlidir. Necə ki, Azərbaycanla birgə Cənubi Araz dəhlizi layihəsini imzalayıb və icrasına başlayıb. Eyni məntiqlə Zəngəzur da mümkündür. Təkcə istəyin olması kifayətdir.

Ermənistan isə bu və digər imkanları bloklamaqla, əslində, öz gələcəyinə zərbə vurur. Bölgədə inteqrasiyadan imtina edən tək ölkə olaraq təcridə doğru gedir. Bu gün yox dediyi yollar sabah ona baha başa gələ bilər. Nə qədər ki, Ermənistan qərarsız qalır, Cənubi Qafqazın gələcəyi də onun iradəsindən deyil, zamanın hökmündən asılı olacaq.

MTM Analitik Qrupu