Dünən

Macarıstanla enerji dili: Bakı danışır, Avropa dinləyir - ŞƏRH

Azərbaycan artıq neft və qaz ixrac edən ölkə olmaqla kifayətlənmir. Bakı bu günlərdə geosiyasi qlobal enerji oyununun sadəcə iştirakçısı deyil, səhnə quran aktyoruna çevrilib. Prezident İlham Əliyevin Budapeştə səfəri isə bu prosesin diplomatik kulminasiyası oldu.

Səfər zamanı səsləndirilən fikirlər, imzalanan sənədlər və verilən ismarıclar açıq şəkildə göstərdi. Azərbaycan Avropada sadəcə enerji təchizatçısı deyil, enerji təhlükəsizliyinin memarlarından biridir.

Macarıstanın Baş naziri Viktor Orbanın açıqlaması bunu tam aydın şəkildə ortaya qoydu. “Əgər Azərbaycan və digər türkdilli ölkələr olmasaydı, macar xalqı enerjiyə 3-4 dəfə daha çox pul ödəyərdi”.  Bu cümlə təkcə minnətdarlıq yox, etirafdır.  Bakı bu gün Avropa enerji xəritəsində real və sabit alternativ kimi qəbul edilir. Təbii ki, bu mövqe bir günlük iş deyil. Cənub Qaz Dəhlizi, TANAP, TAP  sadəcə boru kəmərləri deyil, Azərbaycanın geosiyasi məsuliyyət daşıyan aktora çevrilməsi üçün qurulmuş arteriyalardır. Bakı bu boşluğu təkcə doldurmur həm də bu boşluğu formalaşdırır.

Macarıstan Avropa İttifaqının içində, lakin çox zaman onunla fikir ayrılığı yaşayan dövlətdir. Bu ölkə Ukrayna müharibəsi, Rusiya qazına münasibət və daxili siyasi islahatlar mövzusunda Brüssellə tez-tez üz-üzə gəlir. Elə buna görə də Budapeşt üçün Azərbaycan kimi balanslı, açıq, təhlükəsizlik və sabitliyə önəm verən tərəfdaş həyati dəyər daşıyır.

Lakin bu tərəfdaşlıq təkcə qazla bitmir. 2022-ci ildə imzalanmış dörd tərəfli “yaşıl enerji sazişi” artıq gələcəyin enerji xəritəsini cızmağa başlayıb. Azərbaycan yalnız qaz yox, Xəzər sahilindən Avropaya qədər uzanan yaşıl enerji körpüsünün inşasında da baş rol oynayır. Günəş, külək və Mərkəzi Asiya ölkələrinin ekoloji təmiz enerjisinin tranziti baxımından Bakı enerji diplomatiyasından enerji liderliyinə keçir. 

Prezident İlham Əliyevin Budapeştdə səsləndirdiyi “12 ölkəyə qaz ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir, 8-i Avropa İttifaqının üzvüdür” fikri sadəcə statistika deyil, eyni zamanda etimadın və enerji sabitliyinin siyasi göstəricisidir.

Azərbaycanın enerji siyasəti eyni zamanda siyasi, iqtisadi və texnoloji diplomatiyanın kəsişmə nöqtəsidir. Macarıstan şirkətləri artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa layihələrinə qoşulmaq niyyətindədir. Bu, sadəcə sərmayə qoyuluşu deyil, qarşılıqlı etimadın iqtisadi ifadəsidir.

Azərbaycan-Macarıstan əlaqələrinin bu gün gəldiyi nöqtə göstərir ki, enerji sadəcə resurs deyil, eyni zamanda strateji dəyərdir. Bu dəyəri isə düzgün idarə etmək, onu siyasi və diplomatik gücə çevirmək yalnız sabit, etibarlı və öhdəliklərinə sadiq dövlətlərin işidir. Məhz bu səbəbdən, Azərbaycan artıq sadəcə enerji tədarükçüsü deyil, həmçinin Avropanın enerji təhlükəsizliyi arxitekturasının qurucularından biridir. Görünən odur ki, bu arxitektura Budapeştdən Brüsselə, oradan da daha uzaqlara qədər uzanacaq. Bakı isə həmin enerji binasının təməl daşlarını çoxdan düzməyə başlayıb.

MTM Analitik Qrupu